Bakıda yolların rəngi niyə dəyişə bilər? - Ekspertdən maraqlı təklif
Bakıda rəngli asfaltın tətbiqindən 11 il sonra onun şəhər nəqliyyatında hansı funksiyanı daşıdığı məsələsi yenidən gündəmə gəlib.
Far.Az-in məlumatına görə, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 2015-ci ildə Bakıda qırmızı asfaltın tətbiqi yenilik kimi təqdim olunub.
Onun sözlərinə görə, ilk olaraq Babək prospektində sınaqdan keçirilən rəngli asfalt daha sonra Nobel prospektinin 2,5 kilometrlik yolayrıcında tətbiq edilib.
Ekspert qeyd edib ki, həmin vaxt rəngli asfaltın adi asfaltla eyni keyfiyyətə malik olduğu, sadəcə qarışığa rəngləndirici maddə əlavə edildiyi və bunun yola estetik görünüş verdiyi açıqlanmışdı:
"Ötən 11 il ərzində yanaşmaya yenidən baxmaq lazımdır: Əsas sual rəngli asfaltın gözəl görünüb-görünməməsi deyil, onun şəhər nəqliyyatında konkret hansı problemi həll etməsidir. Yol səthinin rənginin dəyişdirilməsi özlüyündə nəqliyyat siyasəti hesab edilə bilməz. Əgər rəngli asfalt yalnız yolayrıcının və ya küçənin estetik görünüşünü yaxşılaşdırmaq üçün istifadə olunursa, bu, sadəcə dekorativ yanaşmadır.
Amma eyni rəng şəhərin bütün ərazisində konkret bir funksiyanı ifadə edirsə, artıq söhbət yol infrastrukturunun vizual kodlaşdırılmasından gedir. Rənglərin şəhər üzrə vahid standart əsasında tətbiq edilməsi vacibdir. Məsələn, qırmızı rəng avtobus zolağını, yaşıl rəng velosiped və mikromobillik zolaqlarını, narıncı rəng isə xüsusi dayanma və sərnişinlərin minib-düşmə zonalarını ifadə edə bilər. Fərqli yol örtüyündən isə konflikt və təhlükə zonalarının vizual şəkildə göstərilməsi üçün istifadə etmək mümkündür".
R.Ağamirəzyev əlavə edib ki, burada əsas məsələ rəngin özü deyil, onun yaratdığı standartdır:
"Sürücü şəhərin müxtəlif ərazilərində müəyyən rəngi gördükdə onun nə ifadə etdiyini bilməli, eyni yanaşma piyada, velosipedçi və ictimai nəqliyyat sürücüsü üçün də keçərli olmalıdır.
Əks halda bir küçədə qırmızı asfalt dekorativ məqsəd daşıyacaq, digərində avtobus zolağını göstərəcək, başqa ərazidə isə yalnız layihənin dizayn elementi kimi istifadə olunacaq. Bu isə rəngli asfaltın nəqliyyat baxımından sistemli funksiyasını zəiflədə bilər.
Bakıda rəngli asfaltın tətbiqinə daha ciddi və sistemli yanaşmaq lazımdır. Onun fikrincə, rəngli asfalt döşəmək asan məsələdir, lakin ona konkret nəqliyyat funksiyası vermək idarəetmə və vahid standart tələb edir".
Ekspert vurğulayıb ki, Bakı artıq yalnız "gözəl yol" mərhələsindən çıxaraq "anlaşılan və yol istifadəçisinin davranışını istiqamətləndirən yol" mərhələsinə keçməlidir:
"Yol istifadəçisinə hər şeyi nişanla izah etmək məcburiyyətində qalmamalıyıq. Bəzən yolun özü də mesaj verməlidir. Asfalt sadəcə örtük deyil. Düzgün istifadə ediləndə o, şəhərin nəqliyyat dilinin bir hissəsidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı













