"PostEurop" rəhbəri: "Azərbaycan poçt xidmətləri və elektron ticarət üzrə regional hab ola bilər" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

"PostEurop" rəhbəri: "Azərbaycan poçt xidmətləri və elektron ticarət üzrə regional hab ola bilər" - MÜSAHİBƏ


Poçt sektoru elektron ticarətin sürətlə irəliləməsi, istehlakçı vərdişlərinin dəyişməsi və rəqəmsal texnologiyaların inkişafının təsiri altında dərin transformasiya yaşayır. Bu şəraitdə milli poçt operatorları xidmətlər spektrini genişləndirir, infrastrukturu modernləşdirir və beynəlxalq logistika zəncirlərinə inteqrasiya üçün yeni imkanlar axtarırlar.

Bakıda keçirilən "PostEurop 2026" Baş Assambleyası və biznes-forumunun kuluarlarında "PostEurop"un (Avropa Dövlət Poçt Operatorları Assosiasiyası) sədri Yelena Fernandes-Rodriges "Far.Az"a müsahibəsində poçt sahəsinin transformasiyasının əsas istiqamətləri, beynəlxalq əməkdaşlıq perspektivləri və poçt operatorları üçün yeni imkanlar barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- "PostEurop" Baş Assambleyasının və biznes-forumunun Bakıda keçirilməsini necə qiymətləndirirsiniz? Bu görüş Avropa poçt icması üçün hansı əhəmiyyətə malikdir?

- Hər şeydən əvvəl, əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Xarici mühit və bazar çox sürətlə dəyişir, buna görə də poçt sahəsi də transformasiya olunur. Biz ənənəvi məktub xidmətlərindən bağlamaların daşınmasına keçərək biznes modelimizi dəyişirik və tələbatı qoruyub saxlamaq üçün elektron ticarət sahəsində rəqabətədavamlı olmalıyıq.

Bizim vəzifəmiz strateji fəaliyyət göstərmək və bütün dünyada insanları birləşdirən qlobal infrastruktur kimi universal poçt xidmətləri şəbəkəsinin əhəmiyyətini qoruyub saxlamaqdır.

- "PostEurop" Azərbaycanın milli poçt operatorunun transformasiyasını və onun Avropa ilə Asiya arasında poçt-logistika əlaqələrinin inkişafındakı rolunu necə qiymətləndirir?

- Bu gün Azərbaycan strateji cəhətdən mühüm mövqe tutur. Ölkə "PostEurop"un müxtəlif qruplarının işində fəal iştirak edir və mən onu Avropa ilə Asiya arasında vacib əlaqələndirici həlqə hesab edirəm.

"Azərpoçt" da həmçinin transformasiya prosesindən keçir və təkcə poçt və logistika istiqamətlərini deyil, həm də telekommunikasiya və digər xidmətləri inkişaf etdirərək öz fəaliyyətini şaxələndirir. Buna görə də mən Azərbaycanın və onun milli operatorunun rolunu strateji baxımdan mühüm hesab edirəm.

- Azərbaycanın coğrafi mövqeyini nəzərə alsaq, ölkənin Qafqaz və Mərkəzi Asiyada transsərhəd elektron ticarətin əsas logistika habına çevrilməsi potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan çox əlverişli coğrafi və strateji mövqedə yerləşir. Ölkənin poçt xidmətləri, logistika və elektron ticarət üzrə regional haba çevrilmək üçün bütün imkanları var.

Bu bazarlar aktiv şəkildə böyüyür. Avropa bazarı daha yetkindir, digər regional bazarlar isə sürətlə inkişaf etməkdə davam edir. Buna görə də Azərbaycan yeni imkanlara və artan tələbata strateji yanaşma formalaşdıraraq qabaqlayıcı addımlar atır.

- "PostEurop"un hansı alət və mexanizmləri milli operatorlara, o cümlədən "Azərpoçt"a beynəlxalq bağlama axınlarının artmasına və elektron ticarətin inkişafına uyğunlaşmağa kömək edir?

- "PostEurop" çərçivəsində Azərbaycan kimi ölkələrə və "Azərpoçt" kimi operatorlara dəstək göstərən iki komitə fəaliyyət göstərir.

Birincisi, Qabaqcıl Təcrübə Mübadiləsi Komitəsidir. O, əməliyyat məsələləri, xidmət keyfiyyətinin yüksəldilməsi və poçt operatorları arasında praktiki həllərin mübadiləsi ilə məşğul olur.

Bundan əlavə, operatorlara biznes analitikası əldə etməyə və elektron ticarət öz mövqelərini daha səmərəli müəyyənləşdirməyə kömək edən "Geniş Avropa" (Wider Europe) komitəsi fəaliyyət göstərir. Dünən Ümumdünya Poçt İttifaqının nümayəndələri ilə bu məsələlərə həsr olunmuş görüşümüz keçirildi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər