Türk dünyasının sığorta bazarı üçün yeni hədəflər müəyyənləşdirilir
Far.Az xəbər saytı

Türk dünyasının sığorta bazarı üçün yeni hədəflər müəyyənləşdirilir


Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb.

"Report" Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının sığorta sektorunun tənzimləyici qurumlarının, sığorta assosiasiyalarının rəhbərləri və sığorta bazarının nümayəndələri iştirak edirlər.

Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə keçirilən assambleyanın əsas məqsədi türk dünyası ölkələri arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, tənzimləmə mexanizmlərinin uzlaşdırılması və qlobal risklərə qarşı dayanıqlığın gücləndirilməsidir.

Tədbirin rəsmi açılışında Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davud Menteş və Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin çıxış ediblər.

Assambleya çərçivəsində "Yeni Qlobal Risklər Kontekstində Türk Dünyası: Sığorta Tənzimlənməsində Uzlaşma, Dayanıqlıq və Ortaq Gələcək" mövzusunda müzakirə keçirilib. Paneldə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının sığorta sektoruna nəzarət edən qurumlarının nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, "2030-cu ilədək Türk Dünyasının Sığorta Bazarı: Ortaq Risklər, Ortaq Potensial, Ortaq Gələcək" adlı panel müzakirəsində iştirakçı ölkələrin sığorta assosiasiyalarının və peşəkar bazar qurumlarının nümayəndələri sektorun inkişaf perspektivlərini müzakirə ediblər.

Assambleyada Azərbaycanı Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov, ASA-nın icraçı direktoru Abas Miskərli və digər nümayəndələr təmsil edirlər.

Tədbir çərçivəsində Türk Dünyası Sığorta Birliyinin yeni sədrinin və baş katibinin seçilməsi üçün səsvermənin keçirilməsi, eləcə də birliyin növbəti – 3-cü assambleyasına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin ilk assambleyası Şuşa şəhərində keçirilib. Həmin tədbirdə qəbul olunmuş ortaq qərara əsasən, birliyin ikinci assambleyası bu il Türkiyədə təşkil olunur.

Assambleyanın Qaziantepdə keçirilməsi xüsusi məna daşıyır. 2023-cü ildə regionda baş vermiş dağıdıcı zəlzələ təbii fəlakət risklərinin miqyasını və sığorta mexanizmlərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Tədbir bu baxımdan türk dünyası ölkələrinə risklərin idarə olunması, sığorta təminatının genişləndirilməsi və mümkün fəlakətlərə hazırlıq sahələrində əməkdaşlığın vacibliyini çatdırmaq məqsədi daşıyır.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər