Mərkəzi Bank ani ödənişlər sistemində əməliyyatların icra müddətini azaldacaq
Far.Az xəbər saytı

Mərkəzi Bank ani ödənişlər sistemində əməliyyatların icra müddətini azaldacaq


Azərbaycan Mərkəzi Bankı (AMB) Ani Ödənişlər Sistemində (AÖS) əməliyyatların icra vaxtını minimuma endirmək üçün çalışır.

"Far.Az" xəbər verir ki, bunu AMB-nin Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin rəhbəri Əfqan Abbasov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

O vurğulayıb ki, əsas prioritetlərdən biri sistemin dayanıqlılığını və fasiləsiz işləməsini təmin etməkdir: "Mərkəzi Bank bu sahədə həm sektorla intensiv iş aparır, həm də mövcud sistemlərin təkmilləşdirilməsi üzrə addımlar atır.

Əgər əvvəlki mərhələlərdə diqqət daha çox sistemə qoşulmalar və ödəniş növlərinin platforma vasitəsilə həyata keçirilməsinə yönəlmişdisə, hazırda əməliyyatların neçə saniyə və ya millisaniyə ərzində başa çatdırıldığını daimi qaydada izləyirik. Sektorun iştirakçıları ilə ortaq iş aparırıq ki, əməliyyatların tamamlanma müddəti daha da qısaldılsın.

Bundan əlavə, ani ödənişlər sisteminin iştirakçılarının üzləşdikləri müxtəlif növ xətalar, eləcə də ödənişlərin icra olunmaması halları mütəmadi şəkildə təhlil edilir. İştirakçılarla bu sahədə sıx koordinasiya aparılır ki, xəta nisbəti daha da aşağı endirilsin, ödənişlərin qısa zamanda və səhvsiz yerinə yetirilməsi mümkün olsun.

Sistemin dayanıqlılığının qorunması məqsədilə fəaliyyətin həm əsas, həm də ehtiyat mərkəzdən icra edilməsi daim təmin olunur. Beləliklə, ani ödənişlərin sabit və kəsilməz şəkildə davam etdirilməsi nəzərdə tutulur".

Ə.Abbasovun bildirib ki, Mərkəzi Bankın operatoru olduğu AÖS-ün başlıca üstünlüyü ödənişlərin fasiləsiz, yəni sutkada 24 saat, həftədə 7 gün rejimində, dərhal və daha aşağı xərclə aparılmasına şərait yaratmasıdır:

"Ani Ödənişlər Sisteminin statistik göstəricilərinə baxdıqda, əhəmiyyətli artım diqqəti cəlb edir. Artıq bankların və dövlət təsisatlarının bu sistemə qoşulduğunu, müxtəlif ödəniş kateqoriyaları üzrə istifadənin genişləndiyini müşahidə edirik.

Müqayisə üçün qeyd edim ki, 2024-cü ildə AÖS üzərindən gündəlik 1 milyon əməliyyat aparılırdısa, hazırda da gündəlik əməliyyat sayı 1 milyon səviyyəsini qoruyur. Eyni zamanda, sistem vasitəsilə reallaşdırılan əməliyyatların aylıq həcmi artıq 2 milyard manat həddini aşıb. Bu rəqəm əvvəlki dövrün eyni göstəricisi ilə müqayisədə 5 dəfədən çox artım deməkdir.

Bu platforma üzərindən həyata keçirilən ödənişlər hansı kateqoriyaları əhatə edir? Buraya şəxslərarası köçürmələr (P2P), biznesdən şəxsə ödənişlər (B2P), biznesdən biznesə ödənişlər (B2C), həmçinin büdcə və dövlət ödənişləri daxildir.

Məlumdur ki, Hökumət Ödəniş Portalı əsasən kommunal xidmətlər və büdcə ödənişlərini tənzimləyir. Bu sahədə müəyyən sənəd ödənişlərinin də mövcud olduğunu görürük".

Ə.Abbasov qeyd edib ki, AMB-in hazırda icra etdiyi layihələrdən biri dövlət və büdcə ödənişlərinin Ani Ödənişlər Sistemi vasitəsilə gerçəkləşdirilməsidir. Bu yanaşma dövlət ödənişlərinin dərhal və daha az məsrəflə aparılmasına imkan verir.

Onun sözlərinə görə, artıq bir sıra bank bu sistemlə inteqrasiya olunmuş və ödənişləri uğurla icra edir: "Eyni zamanda, bu istiqamətdə ciddi artım qeydə alınır. Belə ki, əvvəlki iki illik dövrə nisbətən Hökumət Ödəniş Portalına aid ödənişlərin Ani Ödənişlər Sistemi üzərindən hesablaşması 10 dəfədən çox artıb.

Hazırda bu sahədə işlər fəal şəkildə davam etdirilir. Layihənin icrası nəticə etibarilə ödənişlərin daha sürətli şəkildə yerinə yetirilməsinə şərait yaradacaq".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər