2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
2030-cu ildə Bakıda keçiriləcək 27-ci "WPC Energy" Konqresinə ev sahibliyi ilə bağlı "WPC Energy" və "WPC Energy"nin Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənədi Azərbaycanın Energetika Nazirliyində keçirilən görüşdə nazir Pərviz Şahbazov və "WPC Energy"nin prezidenti Pedro Miras imzalayıblar.
Görüşdə Konqresə hazırlıq prosesi, təşkilati məsələlər və tədbirə qədərki dövrdə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
P. Şahbazov bildirib ki, dünya neft sənayesinin beşiyi olan Azərbaycanda "WPC Energy" Konqresinin keçirilməsi bu mötəbər beynəlxalq tədbirin öz tarixi köklərinə qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır: "Dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatının həyata keçirildiyi, neft sənayesinin inkişafında mühüm yeniliklərə imza atmış Azərbaycanın 2030-cu ildə bu Konqresə ev sahibliyi etməsi həm tarixi, həm də strateji məna daşıyır. 30 ildən artıqdır keçirilən Bakı Enerji Həftəsinin zəngin təcrübəsi, eləcə də ölkəmizin beynəlxalq tədbirlərin təşkilində qazandığı uğurlar 27-ci "WPC Energy" Konqresinin yüksək səviyyədə keçirilməsi üçün möhkəm əsas yaradır. İnanırıq ki, Bakı Konqresi enerji sənayesinin tarixi irsi ilə müasir inkişaf istiqamətlərini bir araya gətirərək qlobal enerji dialoquna və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək".
"WPC Energy"nin prezidenti Pedro Miras bildirib ki, qurum Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi edəcəyindən böyük məmnunluq duyur: "Azərbaycan qlobal enerji sənayesinin tarixində və inkişafında mühüm rol oynayıb. Ölkənin beynəlxalq enerji dialoquna davamlı töhfələri bu mühüm tədbirə ev sahibliyi etməsini xüsusilə əlamətdar edir. Konqres dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, enerji sənayesinin rəhbərlərini, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirərək fikir mübadiləsi aparmaq, ortaq çağırışları müzakirə etmək və enerjinin gələcəyi üçün praktik həll yollarını araşdırmaq baxımından mühüm imkan yaradacaq. Bakıda uğurlu Konqresin keçirilməsi üçün azərbaycanlı tərəfdaşlarımızla sıx əməkdaşlığı və "WPC Energy"nin qlobal ictimaiyyətini Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Azərbaycanın 2030-cu ildə keçiriləcək 27-ci "WPC Energy" Konqresinə ev sahibliyi edəcəyi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. Əsası 1933-cü ildə qoyulmuş və iki ildən bir keçirilən Konqres dünyanın ən nüfuzlu enerji platformalarından biridir. Bütün enerji sektorunu, qlobal enerji çağırışlarını və praktik həll yollarını əhatə edən Konqres beynəlxalq dialoq və əməkdaşlıq üçün unikal platforma rolunu oynayır. Bu tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq enerji məkanındakı mövqeyinin möhkəmləndirilməsi və strateji tərəfdaşlıqlarının daha da genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
1933-cü ildə Dünya Neft Şurası (World Petroleum Council - WPC) adı ilə yaradılmış təşkilat 2023-cü ildən "WPC Energy" adı altında fəaliyyət göstərir. Qlobal enerji istehsalı və istehlakının 96 faizini təşkil edən 60 ölkənin nümayəndələrini birləşdirən WPC Energy öz fəaliyyətini Milli Komitələr şəbəkəsi vasitəsilə həyata keçirir. Bu şəbəkəyə 2005-ci ildə yaradılmış "WPC Energy"nin Azərbaycan Milli Komitəsi də daxildir.
Oxşar xəbərlər
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













