17
yanvar
2026
18:50
88
36
291

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib

Almaniyanın bir sıra aparıcı nəşrlərində, o cümlədən "Spiegel", "Handelsblatt" və "Berliner Zeitung" qəzetlərində Azərbaycanın ilk dəfə Almaniya və Avstriyaya təbii qaz tədarükünə başlamasına dair məqalələr dərc olunub.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xəbərlərdə bu addım Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir, Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə olduğu vurğulanır.

Alman nəşrləri bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin yayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün artırılması barədə razılığın əldə edilməsi Avropanın Rusiyadan asılılığının azaldılması baxımından mühüm addım oldu.

Qeyd edilib ki, Azərbaycandan Almaniyaya və Avstriyaya qazın tədarükü Cənub Qaz Dəhlizi və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçirilir. Qaz Yunanıstan və Albaniya ərazisindən keçərək Cənubi İtaliyaya çatdırılır, oradan isə Avstriya və Almaniyaya ötürülür. Bu iki yeni bazarın əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.

"Spiegel" qəzetində yayımlanan məqalədə əsas diqqət uzunmüddətli enerji əməkdaşlığına və sabit tədarük həcminə yönəlib və Almaniya bazarında Azərbaycan qazının strateji rolu xüsusi vurğulanır. Belə ki, Almaniya qaz tədarükünün ticarət və uzunmüddətli müqavilələr baxımından əhəmiyyəti qeyd edilib, SOCAR ilə SEFE arasında illik 1,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan onillik müqavilənin imzalandığı xatırlanıb. Nəşr, həmçinin vurğulayıb ki, Azərbaycanın Avropaya qaz ixracının ümumi həcminin 2025-ci ildə 12,8 milyard kubmetr təşkil etməsi bu ölkənin Avropa bazarında güclü mövqeyini göstərir. Eyni zamanda, vurğulanıb ki, ixracın daha da artırılması investisiyalardan və boru kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən asılıdır.

Almaniyada iqtisadiyyat sahəsində ən mühüm nəşr kimi tanınan "Handelsblatt" qəzeti bu məsələyə enerji siyasəti prizmasından yanaşaraq, Azərbaycan qazının Avropanın təbii qaz idxalının şaxələndirilməsi strategiyasında əhəmiyyətli rol oynadığını qeyd edib. Almaniya hökumətinin Rusiyadan asılılığı azaltmaq strategiyası çərçivəsində Azərbaycan qazının idxalına başlanmasının önəmi vurğulanıb. Nəşr bildirib ki, Azərbaycan qazının Avropada mövqeyinin güclənməsi həm Almaniya, həm də ümumilikdə Avropa üçün enerji təhlükəsizliyinin təminatına xidmət edir.

"Berliner Zeitung" qəzetində yayımlanan məqalədə isə Azərbaycan qazının Avropa infrastrukturu ilə inteqrasiyasına və TAP-ın strateji roluna diqqət çəkir. Qəzet xatırladır ki, Almaniya bazarına rəsmi çıxış ilk dəfədir həyata keçirilir və TAP-ın Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji xətt rolunu oynayır. Qaz mövcud ötürücü şəbəkə vasitəsilə çevik şəkildə müxtəlif bazarlara yönləndirilir, bu da enerji təchizatının etibarlılığını artırır.

Digər Dünya xəbərləri