AZCON Holding 2025-ci ildə nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb
Far.Az xəbər saytı

AZCON Holding 2025-ci ildə nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb


AZCON Holding 2025-ci ilə aid nəqliyyat sektorunda həm sərnişindaşıma, həm də yükdaşıma göstəricilərini açıqlayıb.

Sərnişindaşıma

Sərnişindaşıma sahəsində hesabat dövründə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) üzrə gündəlik orta sərnişin sayı 28 min nəfər təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 21 % artım deməkdir. "BakuBus" marşrut xətləri ilə daşınan gündəlik orta sərnişin sayı ötən dövrlə müqayisədə 39 % artaraq 557 min nəfərə çatıb. Bakı Metropoliteni üzrə daşınan gündəlik orta sərnişin sayı isə əvvəlki illə müqayisədə metronun "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılması səbəbindən 1 % azalaraq 621 min nəfər olub. Beləliklə, "BakuBus" MMC və "Bakı Metropoliteni" QSC üzrə ümumilikdə daşınan gündəlik orta sərnişin sayı 1,2 milyon olmaqla, 17 % artım müşahidə olunub.

AZAL üzrə ümumi sərnişin sayı 4,2 milyon nəfər olub ki, bu da 3 % artım deməkdir. Tranzit sərnişin daşımaları isə 487 min nəfər təşkil edərək 30 % artım göstərib. Bakı Metropoliteni üzrə xəttə buraxılan vaqonların sayı əvvəlki illə müqayisədə 9% artırılaraq 381-ə çatdırılıb. Qatarlararası interval 15 saniyə azaldılaraq 1 dəqiqə 45 saniyə olub.

Yükdaşıma

Yükdaşıma üzrə ADY vasitəsilə Şərq-Qərb dəhlizi ilə daşınmış tranzit yüklərin həcmi 3,7 milyon ton olub ki, bu da əvvəlki illə müqayisədə 12 % artım deməkdir. Bakı Limanı vasitəsilə konteyner aşırmalarının həcmi 40 % artım nümayiş etdirərək 107 min TEU təşkil edib.

ASCO vasitəsilə quru yük gəmiləri ilə daşımaların həcmi 1,3 milyon ton (45 % artım), tanker daşımalarının həcmi 4,3 milyon ton (2 % artım) olub. Xəzərdən kənar daşımaların həcmi isə ötən dövrlə müqayisədə 129 % artım göstərərək 1,4 milyon tona çatıb.

Bununla da 2025-ci ilin nəticələri AZCON Holding-in nəqliyyat infrastrukturunun inkişaf etməsi, sərnişinlər üçün daha rahat və çevik xidmətlərin təmin olunması, eləcə də Azərbaycanın regional və beynəlxalq logistika mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Gəncədə avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər