Tərlan Həsənov: "Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır"
Far.Az xəbər saytı

Tərlan Həsənov: "Hidayət Heydərov dünya çempionatına daha ciddi hazırlaşmalıdır"


Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) bu il Bakıda keçiriləcək dünya çempionatına daha ciddi hazırlamalıdır.

Bu barədə "Far.Az"a əməkdar məşqçi Tərlan Həsənov açıqlama verib.

Təcrübəli mütəxəssis olimpiya çempionunun Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanması ilə bağlı fikirlərini bölüşüb:

"Hidayətin bu yarışda səhv etdiyini düşünmürəm. Dünya çempionatına daha ciddi hazırlaşmalıdır. Yavaş-yavaş formaya düşür. Gürcüstanda çempion da ola bilərdi. Finalada üz-üzə gəldiyi Laşa Şavdatuaşvili üçqat olimpiya mükafatçısıdır. Dünya və Avropa çempionatlarında da qızıl medal qazanıb. Gürcüstanın əfsanəvi idmançısıdır. Final görüşü bərabər səviyyədə keçirdi. Hidayət ondan zəif deyildi. Hücumlar da bərabərd səviyyədə oldu. Hətta yerdə, "nevaza"da Hidayət daha fəal idi. Nədənsə, hakimlər birinci və ikinci xəbərdarlığı cüdoçumuza verdilər. Buna baxmayaraq, hücumda fəal idi. Hesab edirəm ki, "qızıl xal" bölümündə hər ikisində iki xəbərdarlıq olmalı idi. Amma Hidayətə üçüncü verildi. Hidayət həmişə rəqibi yormaq istəyir. Fənd ata bilməyəndə, üçüncü xəbərlığı rəqibə aldırmaq istəyir. Burada belə olmadı. Onun taktikasını hakimlər pozdular. Hidayət beşinci dəfə Avropa çempionu olacağına söz vermişdi".

T.Həsənov bürünc medal qazanan Turan Bayramovun (66 kq) çox yaxşı güləşdiyini bildirib:

"Rusiya təmsilçisi ilə dueldə öndə olsa da, xırda səhvə yol verdi. Daha əvvəl 60 kq-da mübarizə aparıb. Bu çəkidə, demək olar ki, ikinci yarışı idi. Onun da bürünc medalını yüksək qiymətləndirirəm. Əhməd Yusifov (60 kq) bürünc medal görüşündə Balabəy Ağayevi məğlub edərək üçüncü yeri tutdu. Məncə, Balabəy Giorgi Sardalaşvili (Gürcüstan) ilə dueldə fənd atmaq istəyəndə rəqib yıxılandan sonra ayağını ilişdirdi. Gürcü idmançıya qələbə verdilər. Məncə, burada da insafsızlıq oldu. Yoxsa iki qızıl medal qazana bilərdik. Zelim Kotsoyev (100 kq) Simeon Katarina (Niderland) ilə bərabər səviyyədə güləşirdi. Rəqibi saxlamaq istəyəndə qolu qatlandı. Zelim onun qolunu buraxmadı, o vəziyyətə görə ona "hansoku-make" verdilər ki, qolu sına bilər. Bunu hakimin səhvi hesab etmirəm. Hidayətin final görüşündə də rəqib qola təzyiq etmişdi. Amma xəbərdarlıq almamışdı. Belə epizodlar oldu. Yarış Gürcüstanda keçirildi, onların idmançıları həqiqətən çox güclüdürlər. Bu o demək deyil ki, onlara qalib gələ bilmirik. Daha əvvəl müxtəlif yarışlarda onları üstələmişik. Hidayət Heydərov dəfələrlə finalda uduzduğu rəqibinə qalib gəlib".

Əməkdar məşqçi cüdonun Gürcüstanda populyar olduğunu sözlərinə əlavə edib:

"Onların kişi cüdoçuları Yaponiya təmsilçiləri ilə ayaqlaşırlar. Bu ölkədə çidaoba milli güləş növü var. Cüdoya yaxın güləşdir. Gürcüstanın hər kiçik kəndində uşaqlar bununla məşğul olur və daha sonra cüdoya keçirlər. Mən əsgərlikdə olan görmüşdüm, idmançı olmasalar belə, hamısı güləşməyi bacarırdı. Bütün dünya bilir ki, cüdo Gürcüstanda çox populyardır. Avropa çempionatının medal görüşlərində tribunlar dolu idi. Müxtəlif kəndlərdən belə gələnlər var idi. Bakıda dünya çempionatı olanda rayondan çox az adam gəlir. Əksəriyyəti paytaxtda yaşayanlardır. Tbilisidə isə gənclərlə birlikdə yaşlılar da gəlmişdi".

Xatırladaq ki, Azərbaycan Avropa çempionatını dörd medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər