Rusiyanın Ermənistana artan sanksiyaları – İrəvan Moskva üçün "əldən gedir" - ŞƏRH
Far.Az xəbər saytı

Rusiyanın Ermənistana artan sanksiyaları – İrəvan Moskva üçün "əldən gedir" - ŞƏRH


Rusiya Ermənistana qarşı müxtəlif istiqamətlərdə təzyiqləri artırır. Bu günlərdə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti ("Rospotrebnadzor") Ermənistandan güllərin, tərəvəz və meyvələrin tədarükünə məhdudiyyət tətbiq edib. RF-dən iddia olunur ki, bu məhsullar fitosanitar standartlara uyğun deyil.

Bir müddət əvvəl RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirmişdi ki, Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvəsidir: "RF ilə iqtisadi əlaqələrin inkişafı Ermənistanın ümumdaxili məhsulunun 2022-ci ildən 2025-ci ilə qədər təxminən 40% artmasına imkan verib".

Katibin sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının 98%-ə qədərini Rusiya bazarlarına çıxarır. O qeyd edib ki, RF bu ölkəyə təbii qaz, un, taxıl, gübrə, benzini bazar qiymətlərindən üç dəfə aşağı ixrac edir: "İrəvan Rusiyaya idxalatçıları və ixracatçıları arasında birinci yeri tutur".

Məlumatlara əsasən, 2025-ci ilin may-noyabr aylarında Ermənistan RF-yə 40 milyon avrodan çox meyvə, 50 milyon avroda artıq tərəvəz tədarük edib.

Bundan başqa, "Rospotrebnadzor" Ermənistanda istehsal olunan bir sıra spirtli içki məhsullarının idxalını da qadağan edib. Məlumata görə, "VEDİ-ALKO", "Abovyan konyak zavodu" və "Şaxnazaryan şərab-konyak evi" şirkətlərinin məhsullarında "pozuntular aşkar edildiyi" iddia olunur.

Yeri gəlmişkən, Rusiya mediasının yaydığı informasiyaya əsasən, Gürcüstandan şərab ixracı 4 ayda 73,5 milyon dollara yüksəlib. 2026-cı ilin yanvar-aprel aylarında Gürcüstan şərabın xaricə satışından 73,5 milyon dollar əldə edib. Bu, bir il əvvəlki göstəricidən 2,2% çoxdur. Gürcüstan ixrac etdiyi şərabın, çoxunu 61 faizini Rusiyaya satır.

Avropa İttifaqı ilə əlaqələri genişləndirmək yolunun tutduğu üçün "Rospotrebnadzor" vaxtilə Gürcüstana qarşı da oxşar məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi.

Belə ehtimal etmək olar ki, Moskva Ermənistan konyakını Gürcüstan çaxırı ilə əvəzləyir.

Ermənistandan ixrac edilən "Cermuk" mineral suyun da RF-yə tədarükü yasaqlanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, qarşı tərəf yoxlamaq məqsədilə Ermənistana nümayəndə heyəti göndərib. O, son səkkiz ildə Rusiya Ermənistana qarşı onlarla dəfə belə addımlar atıb.

Rəsmi İrəvan Moskvanın təbii qazın qiymətini qaldıracağını istisna etmir. Hazırda Rusiya Ermənistana sərhəddə min kubmetr qazı 177,5 dollara satır.

Nikol Paşinyanın sözlərinə görə, iki ölkə arasında qazın qiyməti üzrə aydın strateji razılığa gəliblər və o dəyişə bilməz.

Bundan əvvəl isə Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan demişdi ki, respublikada Rusiya qazının qiymətlərinin mümkün artırılması ilə bağlı mexanizmlər hazırlanıb. Bununla yanaşı, o, əminliklə bu ehtiyat tədbirlərdən istifadə olunmayacağını da vurğulayıb.

Aprelin əvvəlində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, mavi yanacağın qiyməti qaldırılarsa, onda ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və başqa strukturlardan çıxacaq.

Ermənistanda 2018-ci il may hadisələrindən sonra Kreml Nikol Paşinyan hökumətinə qarşı davamlı olaraq sanksiyalar tətbiq edir.

Mövcud hökumət daha çox Qərb blokuna, xüsusilə ABŞ və Avropa İttifaqına üstünlük verdiyi üçün Moskva bu kimi məhdudlaşdırıcı addımlar atır. Ancaq ötən dövrdə Ermənistan qərbyönlü siyasətini davam etdirir.

Serj Sarqsyanın prezidentliyi dövründə Ermənistan Avropa İttifaqı ilə Assosiasiya Sazişi üzrə danışıqlara başlamışdı. 2013-cü ilin yayında danışıqlar uğurla başa çatmışdı. Tərəflər Vilnüs sammitində sənədi imzalanmağa hazırlaşırdı. Sentyabrda Serj Sarqsyan Moskvada Prezident Vladimir Putinlə görüşdən sonra rəsmi İrəvan Ermənistanın Gömrük İttifaqına üzv olmaq qərarını elan etmişdi.

2013-cü ilin sonunda Avropa İttifaqı rəsmilərinin İrəvana səfərinin nəticələrinə əsasən, tərəflər Assosiasiya Sazişinin ilkin formada imzalanmayacağını qeyd etmişdilər. Serj Sarqsyan Rusiyanın Ermənistandakı aləti olduğu üçün onda Moskva əlavə sanksiyalara, məhdudlaşdırıcı tədbirlərə əl atmamışdı.

Ancaq Kreml son səkkiz ildə dəfələrlə bəyan edib ki, bu ölkə eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz. Halbuki əvvəllər Ermənistanın hər iki qurumda olması da məqbul sayılırdı.

Bu kimi təzyiqlər iyunun 7-də respublikada keçiriləcək parlament seçkiləri və ondan sonrakı dövr üçün nəzərdə tutulur.

Moskva Paşinyan hökumətinə Qərbə yaxınlaşmaması üçün təzyiqləri artırır, digər tərəfdən də müxalifətçilər - Rusiyada milyarder olmuş Samvel Karapetyan, keçmiş Prezident Robert Koçaryana yardım və dəstəyini nümayiş etdirir.

Bir müddət öncə Rusiyanın mərkəzi telekanalında Azərbaycanın ərazi bütövlüyü pozulan xəritənin nümayiş etdirilməsi də revanşist müxalifətin təbliğatının dəstəklənməsi mənasına gəlir.

Vaxtilə Qərbi azərbaycanlılar Rusiyanın və SSRİ hakimiyyətinin yardımı ilə indiki Ermənistandan çıxarılıb. Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında rusiyayönlü müxalifət bu məsələni qabartmaqla Nikol Paşinyanı üstələmək istəyir. Rusiya milyarderinin başçılıq etdiyi qruplaşma iddia edir ki, hakimiyyət Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığı alması üçün qanun layihəsi hazırlayır. S.Karapetyan bildirib ki, hakimiyyətə gələcəkləri halda "Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq sahəsi və daşınmaz əmlak əldə etmələrini qadağan edəcək".

Nikol Paşinyan isə bildirib ki, Qarabağa, Naxçıvana, Bakıya, Sumqayıta, Yevlaxa və Gəncəyə, Çaykəndə və s. qayıtmaq məsələsi olmayacaq. O, 1980-ci illərin sonunda Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının öz evlərinə qayıtmaq hüququnu tanımaq niyyətində olmadığını da vurğulayıb.

Əslində, Nikol Paşinyan Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına heç vaxt müsbət yanaşmayıb. Ermənistan müxalifətinə bu tezisin də Kremldən göndərildiyi istisna edilmir.

Moskva İrəvanı itirmək istəmir. Orada nüfuzunu da bölüşmək iqtidarında deyil.

Yuxarıda sadaladığımız və başqa faktlara əsasən belə qənaətə gəlmək olar ki, Kreml İrəvana aşağıdakı vasitələrlə təzyiqlər edir, onu özünə tabe etməyə çalışır:

-milyader etdiyi Karapetyan vasitəsilə siyasi təzyiq;

-bu ölkədən ixrac etdiyi məhsullarla sanksiya tətbiqi;

-Azərbaycanı könüllü tərk etmiş erməniləri ələ almaq üçün Qarabağ məsələsini qabartmaq;

-Qərbi azərbaycanlıların qayıdışının seçki təbliğatının gündəliyində aparıcı mövzu olması;

-Avropa İttifaqına qarşı sərt münasibət;

-müxalifət tərəfindən Ukrayna və Gürcüstan variantını tez-tez vurğulamaq;

-Rusiyanın mərkəzi televiziyalarında anti-Paşinyan çıxışların, müzakirələrin təşkili və s.

Rusiyanın Ermənistan üçün hazırladığı karapetyanlar, koçaryanlardan ibarət müxalifətin irəli sürdüyü şüarlar və tezislər təkrardır. Cəlbedici sayılmır.

Sosioloji sorğunun nəticəsinə görə, Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 35 faizlə birinci yerdədir. Karapetyan isə 12 faizlə ikinci sırada gəlir.

Deməli, Rusiyanın təzyiq və təşviqatına baxmayaraq, ehtimal etmək olar ki, müxalifət iqtidardan iki dəfə az səs toplayacaq.

Rusiya Ermənistanda Qərbi seçən Gürcüstan və Ukraynadan fərqli taktika seçib. Görünür, Moskva İrəvanı seçki yolu, "demokratik" üsulla yenidən fəth etmək niyyətindədir. Belə qənaətə gəlmək olar ki, Rusiya keçmiş sovet əraziləri "xüsusi təyinatlı hərbi əməliyyatlar"la əldə saxlamaq istəmədiyini Ermənistan timsalında göstərmək istəyir. Yəni keçmiş müttəfiqlərin Rusiyanı bu yolla da seçmək istədiklərini nümayiş etdirməyə səy göstərir. Çünki ABŞ, Avropa İttifaqı həmin respublikaların topsuz, silahsız rəğbətini qazanır. Ona görə də belə də düşünmək olar: ya RF silahla simpatiya qazanmaqdan bezib, ya da onun hərb yolu ilə uğur əldə edəcəyinə inamı qalmayıb. Başqa variantlar da istisna deyil.

Moskva milyarder Samvel Karapetyanı təbliğ etdiyi bir vaxtda ABŞ-nin Dövlət Katibi Marko Rubio mayın 26-da İrəvana gəlir. Səfər çərçivəsində tərəflər arasında sənədlərin imzalanacağı da gözlənilir. Bu, ABŞ-nin Nikol Paşinyana dəstəyinin diplomatik yolla nümayişidir. Belə getsə, Moskva Ermənistana tətbiq etdiyi təzyiqlərin bumeranq zərbəsi ilə qarşılaşacaq. Necə deyərlər, İrəvan Kreml üçün "əldən gedir"...

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər