Fransada 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər - YENİLƏNİB
Fransanın Milli Assambleyası və Senatı yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin təhlükələrindən qorunması haqqında, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
"Report" xəbər verir ki, Milli Assambleyada qanun layihəsinin lehinə 279 deputat səs verib, əleyhinə 81 nəfər olub, Senatda isə qanun layihəsini 243 parlamentari dəstəkləyib, yalnız iki nəfər qarşı çıxıb.
Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində qanunun qəbul edildiyini bildirib.
"Mən söz vermişdim və artıq qanun qəbul edilib: tədris ilinin əvvəlindən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan ediləcək. Deputatlara təşəkkür edirəm. İndi növbə Konstitusiya Şurasındadır, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı internetdə qorumaq üçün atılacaq konkret addımlardadır", - o yazıb.
Qanun layihəsindəki bu tədbir, uşaqların onlardan istifadəsinə yol verməmək məqsədilə sosial şəbəkələri öz istifadəçilərinin yaşını yoxlama mexanizmlərini tətbiq etməyə məcbur edir. Bundan əlavə, layihə sosial şəbəkələrdən 15 yaşına çatmamış istifadəçilərin hesablarını silməyi tələb edir. Qanun layihəsi, həmçinin 15 yaşından 18 yaşına qədər olan istifadəçilər üçün onların internet resurslarından istifadə vaxtını məhdudlaşdıran "rəqəmsal komendant saatı" tətbiq edir.
Qeyd edək ki, qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Fransa parlamenti iyulun 21-də 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu yekun olaraq təsdiqləməlidir.
"Report"un Avropa bürosu xəbər verir ki, bir gün əvvəl parlamentin uzlaşdırma komissiyası qanununun kompromis mətnini bəyənərək, onun qəbulunu mümkün edib.
Parlamentin gündəliyinə əsasən, səsvermə günün ikinci yarısına planlaşdırılıb. Sənəd qəbul olunarsa, Fransa Avropa İttifaqında (Aİ) milli səviyyədə belə bir qadağa tətbiq edən ilk ölkə olacaq.
Yeni qanun 15 yaşından kiçik şəxslərə sosial şəbəkələrdə hesab yaratmağı qadağan edəcək, həmçinin platformaları yetkinlik yaşına çatmayanların artıq mövcud olan hesablarını bloklamağa məcbur edəcək. Qeydiyyatla bağlı qadağa sentyabrın 1-dən qüvvəyə minəcək, bu yaş kateqoriyasına aid şəxslərin səhifələrinin deaktivasiyası isə 2027-ci ilin yanvarından etibarən həyata keçiriləcək. Eyni zamanda, məhdudiyyətlər təhsil platformalarına və onlayn ensiklopediyalara şamil edilməyəcək.
Fransa Prezidenti Emmanuel Makron bu qanunu özünün ikinci prezidentlik müddətinin əsas təşəbbüslərindən birinə çevirib və onun yeni tədris ilinin əvvəlinə qədər qüvvəyə minməsini təmin etmək niyyətində olduğunu bildirib. Sənəd, həmçinin orta məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsini də nəzərdə tutur.
Son vaxtlar Avropada internetdə yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı geniş müzakirələr gedir. Fransa, Yunanıstan və İspaniya daha əvvəl Aİ-ni uşaqların sosial şəbəkələrə girişinə ümumavropa məhdudiyyətləri tətbiq etməyə çağırmışdı. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ötən həftə bildirib ki, uşaqların bu cür platformalara girişi onların yaşı nəzərə alınmaqla mərhələli şəkildə qurulmalıdır.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni qaydalar: Ekspertdən VACİB AÇIQLAMALAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib












