Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək?
2011-ci ildəki "Ərəb baharı" üsyanından sonra Yaxın Şərq və Şimali Afrikada bir sıra ölkələr davamlı şəkildə siyasi böhran, silahlı qarşıdurmalar və dövlət institutlarının zəifləməsi ilə üzləşib.
Liviya, Suriya, İraq, Yəmən və Sudan bu prosesdən ən çox təsirlənən ölkələr sırasında yer alır. Suriyanın yeni dövrə qədəm qoymasından sonra Liviyada da əsas gündəm parçalanmanın dərinləşməsinin qarşısının alınması, dövlət institutlarının yenidən formalaşdırılması və siyasi birliyin təmin edilməsidir.
Bəs Liviyanın parçalanma riskinin qarşısını almaq və vahid dövlət strukturlarını bərpa etmək nə dərəcədə mümkündür? Yaxın Şərq əvvəlki dövrünə qayıda bilərmi? Paralel olaraq İran-İsrail-ABŞ arasındakı qarşıdurmanın da davam etməsi regionun ziddiyyətli taleyinə necə təsir göstərəcək?
BAKU.WS xəbər verir ki, eynəlxalq münasibətlər üzrə türkiyəli şərhçi İsmayıl Cingöz Oxu.Az-a açıqlamasında bildirib ki, 2011-ci ildə başlayan ərəb üsyanlarından sonra Yaxın Şərq və Şimali Afrikanın əsas problemlərindən biri mərkəzi dövlət strukturlarının zəifləməsi və bəzi ölkələrin faktiki olaraq parçalanması oldu:
"Liviya, Suriya, Yəmən və daha sonra Sudan bunun ən bariz nümunələridir. Lakin bu gün regionda əks istiqamətli prosesin əlamətləri müşahidə olunur. Parçalanmış dövlət strukturlarının yenidən birləşdirilməsi, mərkəzi hakimiyyətin gücləndirilməsi və uzunmüddətli münaqişələrin siyasi proseslərə transformasiya edilməsi cəhdləri getdikcə ön plana çıxır".
O bildirib ki, Liviya bu transformasiyanın ən diqqətçəkən nümunələrindən biridir:
"Müəmmar Qəddafinin 2011-ci ildə devrilməsi və öldürülməsindən sonra ölkə şərq-qərb xətti üzrə parçalandı. Hazırda isə dövlət institutlarının yenidən birləşdirilməsi və ölkə üzrə seçkilərin keçirilməsi istiqamətində son illərin ən ciddi proseslərindən biri həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi ilə hazırlanan yol xəritəsində seçkilərin keçirilməsi və vahid dövlət institutlarının formalaşdırılması əsas hədəflər sırasında yer alır. Bu, Liviya üçün mühüm dönüş nöqtəsi hesab oluna bilər. Bu baxımdan Türkiyənin rolu xüsusilə əhəmiyyətlidir. Ankara əvvəllər əsasən Tripoli mərkəzli hökumətlə münasibətləri kontekstində qiymətləndirilirdisə, bu gün Liviyanın şərqindəki əsas güc mərkəzləri ilə də birbaşa təmaslar qurur. Xəlifə Həftər, Saddam Həftər və Nümayəndələr Palatasının sədri Aqila Saleh kimi fiqurlarla aparılan diplomatik təmaslar Türkiyənin Liviya siyasətində daha geniş və çoxşaxəli yanaşmaya keçdiyini göstərir".
"Türkiyə ilə Misirin Liviyanın birliyi, suverenliyi və ərazi bütövlüyü məsələsində ortaq mövqedən çıxış etməsi də diqqətəlayiqdir. Bir vaxtlar Liviyada qarşı-qarşıya dayanan regional aktorların artıq ölkənin parçalanmasından deyil, onun bütövləşməsindən yana mövqedə yaxınlaşması regionda yaranmaqda olan yeni siyasi reallığın mühüm göstəricilərindən biridir. Suriyada isə Türkiyənin təsiri daha qabarıq şəkildə özünü göstərir. Ankara yeni Suriya hakimiyyətinin təhlükəsizlik imkanlarının gücləndirilməsindən dövlət institutlarının yenidən qurulmasına və ölkənin ərazi bütövlüyünün qorunmasına qədər geniş bir sahədə mühüm aktora çevrilib. Türkiyənin Suriyada güclü və mərkəzi dövlət strukturunu dəstəkləməsi yalnız onun sərhəd təhlükəsizliyi baxımından deyil, həm də İraq, Şərqi Aralıq dənizi və Levant xəttinin gələcəyi baxımından strateji nəticələr yaradır", - analitik deyib.
Onun sözlərinə görə, Sudanda da müharibənin bütün ağırlığına baxmayaraq, milli dialoq və dövlətin yenidən bütövləşdirilməsinə yönəlmiş axtarışların gündəmə gəlməsi eyni tendensiyanın başqa bir nümunəsidir:
"Türkiyə burada da Sudanın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən siyasət yürüdür. Beləliklə, baş verənləri sadəcə olaraq "Yaxın Şərq əvvəlki vəziyyətinə qayıdır" kimi qiymətləndirməkdən daha çox, 2011-ci ildən sonra parçalanan regional nizamın yerinə yeni dövlətlər sisteminin formalaşdırılmasına cəhd göstərildiyini düşünmək daha doğru olar. Türkiyə də hərbi imkanları, diplomatik əlaqələri və region ölkələri ilə inkişaf etdirdiyi yeni əməkdaşlıq mexanizmləri sayəsində bu prosesdən kənarda qalan deyil, getdikcə daha çox onun istiqamətini müəyyənləşdirən aktorlardan birinə çevrilir".
İ.Cingözün fikrincə, lakin bu müsbət tendensiyanın qarşısında İran mərkəzli müharibə dayanır:
"İranla ABŞ-İsrail oxu arasında davam edən qarşıdurma Hörmüz boğazı və enerji təhlükəsizliyi vasitəsilə bütün regionu yeni qeyri-sabitlik dalğasına sürükləmək potensialına malikdir. Türkiyənin bu məsələdə həyata keçirdiyi diplomatiya isə qarşıdurmanın genişlənməsinin qarşısını almaq və tərəfləri yenidən danışıqlar masasına qaytarmaq məqsədi daşıyır. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampa İranla diplomatik təmasların davam etdirilməsi çağırışı da bu yanaşmanın göstəricilərindən biridir. Məncə, bu gün Yaxın Şərqdə iki əks proses eyni vaxtda gedir. Bir tərəfdən Liviya və Suriya kimi ölkələrdə dövlətlərin yenidən toparlanması və regional əməkdaşlığın güclənməsi müşahidə olunur. Digər tərəfdən isə İran müharibəsi fonunda yeni parçalanma və qeyri-sabitlik riski artır. Əgər diplomatik səylər ikinci prosesin qarşısını almağı bacarsa, 2011-ci ildə başlayan parçalanma dövrünün tədricən başa çatdığını və Türkiyənin də formalaşmaqda olan yeni regional nizamın əsas aktorlarından biri kimi önə çıxdığını söyləmək mümkün olacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













