Ruanda səfiri: Azərbaycan Afrikanın neokolonializmə qarşı səsini beynəlxalq aləmə daha təsirli eşitdirir - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Ruanda səfiri: Azərbaycan Afrikanın neokolonializmə qarşı səsini beynəlxalq aləmə daha təsirli eşitdirir - MÜSAHİBƏ


Bakı Təşəbbüs Qrupu (BTQ) bu yaxınlarda "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfrans təşkil edib. Rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa da Bakıda keçirilən bu tədbirdə fəal iştirak edib.

Səfir "Report"un Türkiyə bürosuna müsahibəsində Belçikanın keçmiş müstəmləkələri olan və hazırda da neokolonializm təsirlərinə məruz qalan ölkəsinin vəziyyətindən və Azərbaycan-Ruanda əməkdaşlığından bəhs edib:

- Cənab səfir, Azərbaycanın neokolonializmə qarşı son beynəlxalq fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bakıda keçirilən bu son tədbir "Belçikanın müstəmləkəçilik ədalətsizliyi və təzminat tələbi" mövzusunda beynəlxalq konfrans idi. Ruanda nümayəndə heyəti olaraq bu konfransda aktiv iştirak etdik. Tədbirdə Belçikanın müstəmləkə dövründə Ruanda, Konqo və Burundi xalqlarına qarşı törətdiyi cinayətlərə görə rəsmi üzr istəməsi, təzminat ödəməsi tələb olundu. Həmçinin parlament üzvləri, beynəlxalq əlaqələr sahəsinin nümayəndələri də orada iştirak edirdilər. Müstəmləkəçiliyin təsiri bu günə qədər davam edir. Ona görə də deyə bilərik ki, Azərbaycan Afrikanın neokolonializmə qarşı səsini beynəlxalq aləmə daha təsirli eşitdirir.

- Demək olarmı ki, Afrikada üzləşdiyiniz bir çox problemlərin əsas səbəblərindən biri müstəmləkəçilik irsidir?

- Bəli, bu gün də davam edən müharibələr, etnik qarşıdurmalar və tayfalararası bölünmələr bunun nəticəsidir. Müstəqillikdən sonra hakimiyyətə gələn liderlərin çoxu müstəmləkəçilərin təsiri altında idi və həmin siyasəti davam etdirdilər. Məsələn, Ruandada belçikalılardan sonra hakimiyyətə gələn rəhbərlər onların yaratdığı tayfa bölgüsünü qorudular. Öz şəxsi maraqları və siyasətləri naminə bu bölünmələri manipulyasiya etdilər. Bunun da ən faciəli nümunəsi 1994-cü ildə baş verən, müasir tarixin ən qanlı qətliamlarından biri hesab olunan Ruanda soyqırımıdır.

- Keçmiş hərbçi kimi belə vəziyyətə son qoymaq üçün təklifiniz nədir?

- Təbii ki, müharibə bu problemləri həll edə bilməz. Biz hesab edirik ki, bu cür konfranslar çox faydalıdır. Üstəlik, bu məsələni Azərbaycan kimi neytral bir ölkə gündəmə gətirəndə, beynəlxalq səviyyədə daha böyük təsir bağışlayır. Əgər bunu yalnız biz, yaxud qarşı tərəf desə, deyərlər ki, öz maraqlarımızdır.

Təbii ki, biz öz problemlərimizi özümüz həll etməliyik. Elə buna görə də Afrika İttifaqının mövcud siyasəti belədir: "Afrikanın problemlərini afrikalılar həll etməlidir". Belçikalılar və digər müstəmləkəçi güclər bölünmələr yaratdılar. Amma bu bölünmələri davam etdirən, möhkəmləndirən və dövlət sisteminə çevirən Afrika liderləri də məsuliyyət daşıyırlar. Hazırda biz keçmiş müstəmləkəçi dövlətləri pisləməyə, vaxtımızı Qərbi ittiham etməyə sərf etmirik. Daha çox dəyişiklik etməyə, ölkəmizdə müsbət addımlar atmağa diqqət yetiririk.

- Hazırda Tutsi və Hutu tayfalları arasında sülh mümkündürmü?

- Ruandadakı Hutu və Tutsilər arasındakı bölünmə məhz müstəmləkəçilərin dövründə yaradılıb. Əslində isə biz eyni xalqıq. Amma müstəqillikdən sonra bu bölünmələr Ruanda hökuməti tərəfindən də istifadə edildi və nəticədə dəhşətli qətllər baş verdi. Lakin Prezident Kagamenin rəhbərlik etdiyi Ruanda Vətənpərvərlər Cəbhəsinin hakimiyyətə gəlməsindən sonra biz vəziyyəti dəyişdik. Ruandada artıq Hutu, Tutsi ayrı-seçkiliyi yoxdur. Hamımız ruandalıyıq. Bu, hətta Konstitusiyada da təsbit olunub. Hazırda Ruanda Afrikanın ən təmiz ölkəsidir, biznes mühiti baxımından isə Afrika qitəsində ikinci yerdəyik.

- Azərbaycanla əməkdaşlıq məsələləriniz nə yerdədir?

- Azərbaycanla siyasi səviyyədə münasibətlərimiz çox yaxşıdır. 2024-cü ildən indiyədək fəaliyyətim dövründə Prezidentimiz iki dəfə - 2024-cü ilin noyabrında COP29 İqlim Sammitində, 2025-ci ilin sentyabrında səfərdə olub. Bu rəsmi səfəri zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı gücləndirmək üçün ASAN Xidmət, kənd təsərrüfatı, təhsil, ticarət və hava əlaqəsi haqqında cəmi 5 saziş imzalanıb.

"ASAN xidmət" modelinin Ruandada tətbiqi öyrənilir. Hərbi təhsil sahəsində Azərbaycan hökuməti tələbələrimiz üçün 20 təqaüd ayırıb. Yəni əməkdaşlığımız çox yaxşı səviyyədədir. Neft, ticarət və digər sahələrdə də əməkdaşlıq sazişlərinin həyata keçiriləcəyi ilə bağlı müzakirələr aparırıq.

- Yaxın gələcəkdə Ruandadan Azərbaycana yüksək səviyyəli başqa səfərlər gözlənilirmi?

- Dəqiq tarix barədə danışa bilmərəm. Çünki bizim əməkdaşlıq haqqında sazişimiz var və bu saziş müvafiq dövlət rəhbərlərinin qarşılıqlı səfərlərini nəzərdə tutur. Bu o deməkdir ki, nümayəndələrimiz istənilən vaxt səfər edə bilərlər.

- Cənab səfir, bəs Azərbaycanda hansısa mədəni tədbirlərin keçirilməsi planlaşdırılırmı?

- Bəli, gələn il Bakıda Ruanda Mədəniyyəti Günü təşkil etməyi nəzərdə tutmuşuq. Ruandaya gəlsəniz, orada da çox gözəlliklərə şahid olarsınız.

- Təşəkkür edirik. Yeri gəlmişkən, Azərbaycan turisti üçün Ruandada maraqlı olan nə var?

- Ən birincisi çay və kofe. Çox yaxşı meyvələrimiz var, məsələn, avokado, çox şirin bananlarımız... Yeri gəlmişkən, biz Azərbaycanda Qəhvə Mərkəzi (Coffee Hub) yaratmağı planlaşdırırıq, bunun üçün tərəfdaşlar axtarışındayıq. Sonra Virunqa dağlarımızın möhtəşəm mənzərəsi var. Orada dağ qorillalarını görə bilərsiniz. Onlar insanlar kimi ailələr şəklində yaşayırlar və bu, turistlərdə böyük maraq doğurur. Həmin ərazidən cənuba doğru cəlbedici Nyunqve meşəsində müxtəlif quş növləri, şimpanzelər, primatlar, həmçinin rəngarəng kəpənəklər görərsiniz. Bu meşədə Afrikanın ən böyük iki çayından olan Nil çayının mənbələrindən biri yerləşir. Konqo çayının mənbələri isə qərbə doğru axır. Şərqə doğru Akagera Milli Parkında "Böyük Beşlik" adlandırılan heyvanlar - fillər, camışlar, şirlər və bəbirlər var.

Bizim ölkə həm də görüşlər və konfranslar mərkəzi kimi tanınır. Məsələn, avqustun 24-26-da bütün Afrikadan insanları bir araya gətirən "Afrika düşüncəsinin yenilənməsi" (Africa Mind Reset) mövzusunda konfrans keçirildi. Pan-Afrikaçılığa yenidən baxılması müzakirə edildi. Biz həmçinin təhsil sahəsində inkişaf edən bir mərkəzik. Dünyanın müxtəlif ölkələrindən insanlar Ruandaya təhsil almaq üçün gəlirlər. Afrika Liderlik Universiteti kimi mükəmməllik mərkəzimiz, Karnegi Mellon Universiteti, Fizika Mərkəzi və kənd təsərrüfatı üzrə müxtəlif institutlarımız var.

- Cənab səfir, bildiyiniz kimi, Somali Azərbaycanda səfirlik açıb. Siz də Azərbaycanda səfirlik açmağı planlaşdırırsınızmı?

- Gələcəkdə mütləq olacaq, hazırda bunu planlaşdırırıq. Çünki Azərbaycan çox mühüm ölkədir. Azərbaycan Cənubi Qafqazda (Avrasiyada), Ruanda isə Mərkəzi Afrikadadır. Biz Azərbaycanla qardaş ölkələr olmaq istəyirik.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər