Diplomatik korpusun Qarabağa səfəri ətrafında mübahisə bir səfərdən daha böyük məsələləri üzə çıxardı - RƏY
Far.Az xəbər saytı

Diplomatik korpusun Qarabağa səfəri ətrafında mübahisə bir səfərdən daha böyük məsələləri üzə çıxardı - RƏY


Siyasi reallığın dəyişməsi cəmiyyətlərin düşüncəsinin, siyasi ritorikanın və müharibə illərində formalaşmış stereotiplərin eyni sürətlə dəyişməsi demək deyil. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri məhz bu baxımdan diqqət çəkən hadisəyə çevrildi.

Bunu "Far.Az"a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan mənbələri bu səfərin 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 22-ci səfəri olduğunu qeyd edib:

"Xarici diplomatların qəbul edən ölkənin müxtəlif bölgələrinə səfər etməsi beynəlxalq diplomatik praktikada qeyri-adi hal deyil. Bu baxımdan məsələnin əsas siyasi tərəfi səfərin təşkil olunmasından daha çox ona verilən reaksiyadır. Çünki səfər ətrafında yaranan müzakirələr göstərdi ki, Qarabağ məsələsi hərbi mərhələ başa çatdıqdan sonra belə Ermənistanın siyasi və ictimai diskursunda öz əvvəlki emosional yükünü tam itirməyib".

Ş. Seyidzadə vurğulayıb ki, Ermənistanın öz daxilində səfərə münasibət birmənalı olmayıb.

Buna misal kimi o, Ermənistan mənşəli CivilNet-in məlumatına görə, keçmiş Qarabağ rəsmiləri, erməni alimləri və vətəndaş cəmiyyəti nümayəndələri səfəri tənqid edib, xüsusilə də Azərbaycan tərəfinin bəzi monastırları Qafqaz Albaniyası irsi kontekstində təqdim etməsinə etiraz etdiyni göstərib:

"Eyni mənbə qeyd edir ki, həmin vaxt Ermənistan hökuməti və əsas dövlət akademik qurumları tərəfindən səfərlə bağlı açıq rəsmi reaksiya verilməmişdi. Bu məqam mühümdür. Çünki ayrı-ayrı şəxslərin, media resurslarının və ictimai təşkilatların mövqeyi ilə Ermənistan dövlətinin rəsmi mövqeyini eyniləşdirmək düzgün olmaz".

Şahin Seyidzadə
Deputat vurğulayıb ki, səfərdə 150 nümayəndənin iştirakı xüsusi diqqət çəkir və burada 58 ölkə və 9 beynəlxalq təşkilat təmsil olunub.

Onun fikrincə, bu faktın siyasi əhəmiyyəti var, lakin onu düzgün şərh etmək lazımdır:

"Azərbaycan ərazisində hansı diplomatik nümayəndə heyətinin hansı bölgəyə səfər etməsi Azərbaycan dövlətinin suveren səlahiyyətləri çərçivəsindədir. Xarici diplomatların Azərbaycan ərazisində hərəkət etməsi ilə bağlı onlara təzyiq göstərilməsi və ya iştiraklarına görə hədəfə çevrilmələri isə diplomatik münasibətlər baxımından problemli presedent yarada bilər. Azərbaycanın "Peace Bridge" təşəbbüsünün Azərbaycan qrupu da məhz bu məsələyə diqqət çəkərək bildirib ki, diplomatik korpusun Azərbaycan ərazisinə səfəri özü mübahisə predmeti olmamalıdır və diplomatlara və onların təmsil etdiyi ölkələrə yönəlmiş hücum xarakterli ritorika narahatlıq doğurur".

Ş. Seyidzadə bəyan edib ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin praktiki əhəmiyyəti böyükdür.

"Diplomatlar regionu yalnız xəritədən və ya siyasi hesabatlardan deyil, yerində görmək imkanı əldə edirlər. Xankəndidə yeni nəqliyyat infrastrukturu, Şuşada aparılan bərpa işləri, Qarabağ Universiteti, Ağdərə və Kəlbəcərdə həyata keçirilən layihələr barədə məlumat almaqla onlar Azərbaycan tərəfinin təqdim etdiyi postmünaqişə mənzərəsini birbaşa müşahidə ediblər. Səfərin proqramında tarixi və dini irs obyektlərinin də olması göstərir ki, Azərbaycan özünün regionla bağlı mövqeyini yalnız siyasi və iqtisadi deyil, tarixi-mədəni kontekstdə də təqdim etməyə çalışır".

Deputat hesab edir ki, diplomatik korpus nümayəndələrinin bu səfəri ətrafında yaranan mübahisə əslində bir səfərdən daha böyük məsələləri üzə çıxardı.

"Bu hadisə göstərdi ki, Qarabağ məsələsinin hərbi mərhələsi başa çatsa da, onun siyasi, tarixi və psixoloji nəticələri hələ tam aradan qalxmayıb. Azərbaycan üçün əsas reallıq ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur ölkənin dövlət idarəçiliyi və bərpa siyasətinin həyata keçirildiyi ərazilərdir. Diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfəri də bu dövlət idarəçiliyinin praktiki ifadələrindən biridir".

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər