Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub
Far.Az xəbər saytı

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub


Azərbaycan Qlobal Cəlbedicilik İndeksinin ("Global Attractiveness Index", GAI 2026) 11-ci buraxılışında 146 dövlət arasında mövqeyini dörd pillə yaxşılaşdıraraq 60-cı yerdə qərarlaşıb və dayanıqlığın gücləndirilməsi dinamikası, həmçinin makroiqtisadi göstəricilər üzrə dünya liderləri sırasına daxil olub.

"Far.Az" xəbər verir ki, bunu "TEHA Group"un ("The European House – Ambrosetti") idarəedici tərəfdaşı və baş direktoru Valerio De Molli (Valerio De Molli) Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) zamanı deyib.

GAI reytinqi dünya əhalisinin 95 %-ni və qlobal ümumi ÜDM-in 99 %-ni təşkil edən 146 ölkəni qiymətləndirir. İndeksin metodologiyası Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin (JRC) auditindən keçir.

"Azərbaycanın GAI 2026-da əsas göstəriciləri: ümumi cəlbediciliyə (GAI 2026) görə dünyada 60-cı, Dinamiklik İndeksinə görə 15-ci mövqe, dövlət borcunun səviyyəsi - ÜDM-in 20,1 %-i (planetdə ən kiçik səkkizinci göstərici), elmi nəşrlərin həcminin artması - +513 % (artım tempinə görə dünyada dördüncü yer)", - V.De Molli bildirib.

"TEHA Group"un rəhbəri qeyd edib ki, Azərbaycan ən əhəmiyyətli irəliləyişi Dinamiklik İndeksində göstərərək son səkkiz il ərzində dünya reytinqində 145-ci pillədən 15-ci pilləyə yüksəlib. Bu nəticə qeyd olunan dövr ərzində dünya ölkələri arasında mövqelərin yaxşılaşmasının miqyasına görə ikincidir.

"GAI-ın digər subindeksləri üzrə də nəzərəçarpacaq artım qeydə alınıb - mövqelənmə indeksi: dünyada 64-cü yer (8 il ərzində +6 mövqe), dayanıqlıq indeksi - dünyada 62-ci yer (8 il ərzində +30 mövqe), gələcəyə istiqamətlənmə indeksi - dünyada 65-ci yer (7 il ərzində +13 mövqe)", - o vurğulayıb.

Cənubi Qafqaz və Mərkəzi Asiya makroregionunda Azərbaycan ümumi cəlbedicilik səviyyəsinə görə Qazaxıstanı (56-cı yer) və Gürcüstanı (59-cu yer) irəli buraxaraq, lakin Özbəkistanı (63-cü yer), Ermənistanı (68-ci yer), Qırğızıstanı (80-ci yer) və Tacikistanı (96-cı yer) qabaqlayaraq üçüncü pillədə (60-cı yer) qərarlaşıb. Bununla yanaşı, Azərbaycan regionda illik ən əhəmiyyətli yüksəlişi (bir il ərzində +4 mövqe) qeydə alıb.

V.De Mollinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda 7 əsas səmərəlilik indikatoru üzrə lider mövqeyini tutub:

"Elmi nəşrlərin həcminin dinamikası (dünyada və makroregionda I yer), enerji balansı (dünyada IV, makroregionda I yer), birbaşa xarici investisiya axınının dinamikası (dünyada VI, makroregionda I yer), mənfəət üzrə vergi yükünün azalma dinamikası (dünyada VI, makroregionda I yer), dövlət borcunun ÜDM-ə nisbəti (dünyada VIII, makroregionda I yer), amillərin ümumi məhsuldarlığının (TFP) dinamikası (dünyada VIII, makroregionda I yer), əmək qabiliyyətli yaşda olan (20 yaş) əhalinin payının proqnozu (dünyada 29-cu, makroregionda I yer)", - V.De Molli bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər