MSİM Harvard Universitetinin iştirakı ilə dövlət qurumlarının rəhbər şəxsləri üçün beynəlxalq təlim proqramına start verib
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət sektorunun rəhbər şəxsləri üçün süni intellektin idarəetmədə praktiki tətbiqinə həsr olunmuş beynəlxalq təlim proqramına start verilib.
16-19 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən "Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik" (Public Leadership in the Age of Agentic AI) adlı proqram "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın icrası çərçivəsində təşkil olunur.
Müxtəlif nazirlik və dövlət qurumlarından 100-dən çox rəhbər şəxsi bir araya gətirən proqram ABŞ-nin Harvard Universitetinin professoru Endryu Stori (Andrew Storey) və proqram meneceri Corciann Vilton (Georgianne Wilton) tərəfindən aparılır.
İkigünlük proqramın əsas məqsədi dövlət sektorunun rəhbər heyətinin süni intellekt sahəsində strateji qərarvermə və idarəetmə bacarıqlarını gücləndirmək, texnologiyanın institusional transformasiyada yaratdığı imkanlara dair praktiki biliklərini inkişaf etdirməkdir.
Təlim çərçivəsində süni intellekt agentlərinin dövlət idarəçiliyində tətbiqi, məlumatlara əsaslanan qərarvermə, təşkilati proseslərin optimallaşdırılması və texnoloji transformasiyanın idarə olunması məsələləri nəzərdən keçirilir. İnteraktiv sessiyalarda real idarəetmə ssenariləri əsasında süni intellekt həllərinin tətbiq imkanları və rəhbər şəxslərin bu prosesdəki strateji rolu müzakirə olunur.
Proqramın sonunda iştirakçılara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, proqram "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın Tədbirlər Planının 8.3.1-ci bəndində nəzərdə tutulan "Ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə dövlət qurumlarının rəhbər heyəti üçün süni intellekt və data təliminin təşkil edilməsi" tədbirinin icrası çərçivəsində həyata keçirilir. Təşəbbüs beynəlxalq akademik təcrübənin dövlət idarəçiliyində tətbiqinə və süni intellekt üzrə institusional potensialın gücləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.













