SOCAR-ın Türkiyədəki NEZ-i ötən il ümumi enerji istehlakının təxminən 2 %-nə qənaət edib
Far.Az xəbər saytı

SOCAR-ın Türkiyədəki NEZ-i ötən il ümumi enerji istehlakının təxminən 2 %-nə qənaət edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) ötən il həyata keçirdiyi layihələr sayəsində ümumi enerji istehlakının təxminən 2 %-i qədər enerjiyə qənaət edib.

“Far.Az” bu barədə “SOCAR Türkiyə”yə istinadən xəbər verir.

Bildirilib ki, STAR NEZ həmçinin ötən il karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına nail olub. Enerji və emissiya qənaətinə səbəb olan layihələr arasında hidrogen istehsalı qurğusunda buxar-karbon nisbətinin və hidrogen halqasının optimallaşdırılması, DCU qurğusunda isti yükləmənin maksimallaşdırılması ilə yanacağa qənaət, kondensat temperaturunun artırılması, eləcə də zavodun buxar tələlərinin idarəetmə sistemində qənaət işləri yer alır.

Bunun nəticəsində STAR NEZ Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi 24-cü Sənaye Enerji Effektivliyi (SENVER-24) Layihə Müsabiqəsində öz kateqoriyasında birinci yeri qazanıb.

Qeyd edək ki, STAR NEZ-in təməli 2011-ci il oktyabrın 5-də qoyulub, açılışı isə 2018-ci il oktyabrın 19-da baş tutub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. İllik 13 milyon ton xam neft emalı gücünə malik müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növləri emal olunur. Zavodun əsas məhsulları dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksundan ibarətdir.

Oxşar xəbərlər

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Sentyabr ayının hava proqnozu açıqlanıb
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işləri ilə bağlı dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər