Azərbaycanda qızıl bazarında yeni risk: Zinyət əşyalarının çəkisi süni yolla artırılır?
Azərbaycanda qızıl bazarında son dövrlərdə istehlakçıların və maliyyə sektorunun diqqətini cəlb edən narahatedici tendensiya müşahidə olunur.
Belə ki, bəzi hallarda içi boş zinət əşyalarının mis və digər metallarla doldurularaq çəkisinin süni şəkildə artırıldığı, daha sonra isə həmin məmulatların lombardlara və banklara girov kimi təqdim edildiyi bildirilir.
Far.Az xəbər verir ki, report mövzunun aktuallığını nəzərə alaraq, məsələni araşdırıb, aidiyyəti qurumların və bazar iştirakçılarının mövqeyini öyrənib.
"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev deyir ki, belə halların mövcudluğunu tam inkar etmək mümkün deyil: "Biz də vaxtaşırı olaraq bu mövzuda yayılan xəbərləri izləyirik. Belə halların bazarda mövcud olmasını inkar edə bilmərik və böyük ehtimalla müəyyən hallarda rast gəlinir. Lakin bu kimi saxtakarlığın kütləvi xarakter daşıdığını demək düzgün olmaz. Çünki bazarda uzun illər dürüst fəaliyyət göstərən sahibkarların sayı kifayət qədər çoxdur. Bu cür məlumatların yayılması həmin sahibkarların fəaliyyətinə də zərər vurur".
Assosiasiya sədrinin sözlərinə görə, belə hallarla bağlı daha konkret məlumatların ictimaiyyətə açıqlanması daha faydalı olardı: "Hansı mağazada və ya lombardda bu cür saxtakarlıq faktı aşkarlanıbsa, bu barədə dəqiq məlumatların paylaşılması istehlakçıların həmin satış nöqtələrindən uzaq durmasına imkan yaradar".
T.Abbasquliyev istehlakçılara tövsiyə edib ki, zinət əşyalarını yalnız etibar etdikləri və uzun illər fəaliyyət göstərən satış nöqtələrindən alsınlar, mütləq kassa qəbzi və məhsulun xüsusiyyətlərini əks etdirən sənədləri tələb etsinlər: "Alınan məmulat üzrə təqdim edilən sənədlərdə metalın növü, əyarı, varsa qiymətli daşın təmizliyi və digər xüsusiyyətləri qeyd olunmalıdır. Bu sənədlər gələcəkdə şübhə yarandığı halda aidiyyəti qurumlara müraciət üçün əsas rolunu oynayır".
Onun sözlərinə görə, dövlət də nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində addımlar atılır: "Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC qiymətli metallar və daşlar üzrə əyarlama və damğalama xidmətinin təşkil edilməsini planlaşdırılır. Bu, şəffaflığın və istehlakçı etimadının artmasına mühüm töhfə verəcək".
Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, qızıl və zərgərlik məmulatlarının keyfiyyətinə nəzarət mövcud qanunvericilik və normativ qaydalar əsasında həyata keçirilir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qiymətli metallardan hazırlanmış məhsulların əyarlanması və damğalanması Qaydaları"na əsasən, zərgərlik məmulatlarının istehsalında istifadə olunan lehimlər həmin metalın özündən hazırlanmalı və əyarı məmulatın əyarına uyğun olmalıdır.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən isə, vətəndaşlar aldıqları məhsulun keyfiyyətinin normativ sənədlərə və təqdim olunan məlumatlara uyğun olmasını tələb etmək hüququna malikdirlər. Satıcı isə istehlakçıya keyfiyyətli və standartlara uyğun məhsul təqdim etməlidir.
Üzərində dövlət əyar damğası olmayan və yaxud saxta damğa vurulmuş qızıl məmulatlarının satışı inzibati məsuliyyət yaradır. Eyni zamanda, məhsulun çəkisi, keyfiyyəti və digər xüsusiyyətləri ilə bağlı istehlakçının aldadılması məbləğdən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnə bilər.
2025-ci ilin əvvəlindən indiyə qədər Agentliyə qızıl məmulatlarının satışı ilə bağlı istehlakçı hüquqlarının pozulmasına dair ümumilikdə 6 müraciət daxil olub. Bu müraciətlər əsasən qızılın çəkisinin və əyarının göstəriləndən az olması, keyfiyyətsiz daşlardan istifadə, əyar damğası qaydalarının pozulması və lombard əməliyyatları ilə bağlı olub.
Prezidentin müvafiq fərmanına əsasən, ölkədə qiymətli metallar və daşlar sahəsində dövlət nəzarəti, o cümlədən əyar nəzarəti funksiyası Agentliyə həvalə olunub. Hazırda bu istiqamətdə əyar laboratoriyalarının yaradılması və maddi-texniki bazanın gücləndirilməsi üzrə işlər aparılır, xüsusi işçi qrup fəaliyyət göstərir. Yaxın zamanda dövlət əyar nəzarəti xidmətlərinin istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda qeyd edilib ki, sahibkarlıq sahəsində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb. Bununla belə, insanların həyatı, dövlət təhlükəsizliyi və iqtisadi maraqlara ciddi risk yaradan hallarda əsaslandırılmış müraciətlər əsasında yoxlamalar aparıla bilər. Odur ki, istehlakçılar hüquqları pozulduğu halda Agentliyə rəsmi internet səhifəsi və ya elektron poçt vasitəsilə müraciət etsinlər.
Azərbaycan Mərkəzi Bankından (AMB) isə bildirilib ki, banklara girov qismində təqdim edilən qiymətli metalların saxtalaşdırılması ilə bağlı quruma hər hansı məlumat daxil olmayıb.
"Azərbaycanda banklara təqdim olunan girovların qiymətləndirilməsi kredit risklərinin idarə olunmasının əsas elementlərindən biridir, bu sahədə minimum tələblər mövcud qaydalarla tənzimlənir. "Borcalanların kredit üçün təqdim etdiyi təminatın qiymətləndirilməsi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na uyğun həyata keçirilir. Həmin qayda çərçivəsində təminatın qiymətləndirilməsi prosesi və bu prosesi həyata keçirən bank əməkdaşlarına dair minimum tələblər müəyyən edilib", – deyə məlumatda qeyd olunub.
AMB vurğulayıb ki, bu tələblər baza xarakteri daşıyır və hər bir bank fəaliyyətinin xüsusiyyətləri, eləcə də üzləşdiyi risklərin səviyyəsindən asılı olaraq əlavə daxili tələblər tətbiq etməlidir: "Bu yanaşma kredit risklərinin daha adekvat idarə olunmasına xidmət edir. Banklara girov kimi təqdim edilən qiymətli metalların saxtalaşdırılması, o cümlədən qızıl məmulatların içinin digər metallar ilə doldurularaq çəkisinin süni şəkildə artırılması ilə bağlı AMB-yə hər hansı rəsmi məlumat daxil olmayıb", – deyə qurum əlavə edib.
Bununla yanaşı, qeyd olunub ki, girov təminatının keyfiyyətinin düzgün qiymətləndirilməsi bank və lombard sektorunda risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və mövcud tənzimləyici çərçivə bu risklərin idarə olunmasına yönəlib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı













