WUF13 Azərbaycanın inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqdimatıdır - RƏY
Far.Az xəbər saytı

WUF13 Azərbaycanın inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqdimatıdır - RƏY


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakıda keçirilməsi Azərbaycanın çoxşaxəli inkişaf modelinin beynəlxalq ictimaiyyətə növbəti təqdimatıdır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində Bakı şəhərsalma mədəniyyəti və memarlıq irsinin mühüm platformalarından biri kimi qlobal diqqət mərkəzinə çevrilib:

"Azərbaycan urbanizasiya ilə tarixi-mədəni irsin qorunması arasında tarazlığı qorumağı bacaran nadir ölkələrdəndir. Ölkəmizin bu mövzuda dünyaya sərgiləyəcəyi zəngin təcrübəsi var. Bu gün dünyanın bir çox şəhərləri sürətli urbanizasiya səbəbindən tarixi simasını və mədəni ruhunu itirmək təhlükəsi ilə üzləşir. Bizim şəhərlərimiz isə inkişafla tarixi yaddaş arasında incə tarazlığı qoruyaraq modernləşməni milli-mədəni irsin davamı ilə uzlaşdırmağı bacaran nadir şəhərlər sırasında yer alır. Dövlət başçısının forumun açılışındakı çıxışında "Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz". Əslində bu fikirlər dövlətimizin nəinki, memarlığa yanaşmasını, həm də ümumilikdə siyasətinin fəlsəfəsini əks etdirir: Yəni, köklərimizə, dövlətçilik ənənələrimizə bağlı qalaraq müasir dünyaya açılmaq".

G.Əfəndiyeva həmçinin bildirib ki, Azərbaycan Prezidenti çıxışı boyunca mədəniyyətdən, şəhərsalma və memarlıqdan danışsa da, əslində eyni zamanda, milli kimlikdən, tarixdən danışdı:

"Dövlət başçısı çoxəsrlik şəhərlərimizi, o cümlədən Şamaxını, Naxçıvanı, Gəncəni, Şəkini, Şuşanı dahi şəxsiyyətlərimizin doğulduğu, mədəni ənənələrimizinin formalaşdığı mərkəzlər kimi böyük ustalıqla tanıtdı, təbliğ etdi. Bu isə Azərbaycanın maddi-mənəvi dəyərlərinin, qədim dövlətçilik irsinin qlobal auditoriyaya çatdırılması baxımından çox dərin siyasi məna daşıyır. Çünki, şəhər həm də yaddaşdır, həm siyasətdir, həm kimlikdir, həm də tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir".

Milli Məclisin üzvü vurğulayıb ki, uzun illər erməni işğalı altında qalan, dağıdılan, yerlə-yeksan edilən Qarabağın şəhərləri bu gün dövlətin iradəsi, gücü ilə yenidən qurulur, dirçəldilir:

"Şəhərlərimizin əvvəlki siması bərpa edilir. Bu, ölkəmizin yenidənqurma əzminin fövqündə dayanan, Qarabağın tarixi kimliyini və onun əzəli sakinlərinin bu torpaqlarla bağlılığını aydın şəkildə ifadə edən bir gerçəklikdir. Prezidentin dediyi kimi, "Məhz torpağın yiyələri bu cür davranırlar". Bu yanaşma şəhərsalmanı milli dəyərlərin davamı kimi daha geniş kontekstdə dərk etməyə imkan yaradır. Ona görə də forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər