Azərbaycanın enerji siyasəti ölkənin strateji mövqeyini möhkəmləndirir - RƏY
Far.Az xəbər saytı

Azərbaycanın enerji siyasəti ölkənin strateji mövqeyini möhkəmləndirir - RƏY


Azərbaycanın enerji siyasəti ölkənin geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi"nin açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətləri və ölkənin beynəlxalq enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha nümayiş etdirib:

"Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verən dövlətlərdən biridir. Hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir. Təkcə son illərdə Avropa bazarına 57 milyard kubmetrdən artıq təbii qaz nəql olunub. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan Avropanın təbii qaz idxalında ilk beşlikdə yer alır və Avropa İttifaqının enerji təhlükəsizliyinə ən çox töhfə verən ölkələrdən biri hesab olunur".

Deputat bildirib ki, Azərbaycanın enerji əməkdaşlığı coğrafiyası getdikcə genişlənir. "Azərbaycan qazı artıq Yaxın Şərq regionuna, o cümlədən Suriyaya nəql edilir", - o bildirib və əlavə edib ki, Suriya vasitəsilə digər Yaxın Şərq ölkələrinin də Azərbaycan qazına marağı artır.

Bundan əlavə, "İnterkonnektor" layihəsi çərçivəsində Mərkəzi və Şərqi Avropa ölkələrinin Azərbaycan qazından istifadəsi istiqamətində mühüm addımlar atılır: "Çexiya Respublikası da bu istiqamətdə marağını açıq şəkildə ifadə edib. Bu isə Azərbaycan qazının ixrac coğrafiyasının gələcəkdə daha da genişlənəcəyindən xəbər verir".

V. Bayramov vurğulayıb ki, Azərbaycan ənənəvi enerji resurslarının ixracatçısı olmaqla yanaşı, enerji keçidini də fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır:

"Son illərdə bərpaolunan enerji sektoruna 1 milyard dollardan artıq xarici investisiya cəlb olunub. Azərbaycanın məqsədi 2030-cu ilədək enerji istehlakında bərpaolunan enerji mənbələrinin payını 35 faizə çatdırmaqdır. Eyni zamanda ölkə 2028-ci ildən etibarən yaşıl enerji ixracına başlamağı hədəfləyir. Bu istiqamətdə Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanla əməkdaşlıq, danışıqlar davam etdirilir. Bütün bunlar Azərbaycanın enerji siyasətinin yalnız bugünkü deyil, həm də gələcək enerji tələblərinə hesablandığını göstərir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası Azərbaycanın regional güc kimi mövqeyini daha da möhkəmləndirib:

"Regionda baş verən mürəkkəb geosiyasi proseslərə və müxtəlif siyasi kataklizmlərə baxmayaraq, Azərbaycan öz milli maraqlarını qorumağı, enerji təhlükəsizliyini təmin etməyi və beynəlxalq tərəfdaşlığını genişləndirməyi bacarıb. Bu gün ölkə regionun orta güc dövlətlərindən birinə çevrilib. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar həm iqtisadi inkişafa, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər