Ekspert: "Açıq mənbələrdən məlumatların kütləvi toplanılması ilk növbədə maliyyə riski yaradır"
Far.Az xəbər saytı

Ekspert: "Açıq mənbələrdən məlumatların kütləvi toplanılması ilk növbədə maliyyə riski yaradır"


Açıq mənbələrdən məlumatların xüsusi proqramlarla kütləvi toplanması ilə müşahidə olunan kibercinayətlər ilk növbədə maliyyə itkiləri riski yaradır.

Bunu "Far.Az"a açıqlamasında "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, informasiya təhlükəsizliyi və bulud həlləri üzrə baş mühəndis Bəhruz İbrahimov bildirib.

"Bu zaman vəsaitlərin bilinməyən xarici və ya izlənməsi çətin olan hesablara yönləndirilmə riski mövcuddur. Digər risk nüfuz və reputasiya ilə bağlıdır. Belə ki, qurumun və ya rəhbərliyin adından istifadə edilməsi etibarlılığa və qurumun nüfuzuna xələl gətirə bilər. Eyni zamanda məxfiliyin pozulması və məlumatların sızması ola bilər. Məsələn, dələduzlar rəhbərin adından çox məxfi və yaxud da kənara çıxmamalı olan bir sənəd istəyə bilər və əməkdaşlar düşünmədən həmin sənədləri səhvən göndərə bilərlər. Bu halda məxfi məlumatlar sızır ki, bu da dövlət qurumu və ya şirkət üçün ciddi təhdid yaradır", - deyə o qeyd edib.

Məlumatların toplanma prosesinin əsasən botlar vasitəsilə icra olunduğunu xatırladan ekspert botlara qarşı müdafiə və mübarizə mexanizmlərinin mövcud olmasının zəruri olduğunu bildirib: "Bunun üçün çoxlu sayda müxtəlif istehsalçılara məxsus "bot management" sistemləri və "Web Application Firewall" (WAF) dediyimiz xidmətlər var ki, bu sistemlər həmin avtomatlaşdırılmış skriptləri və botları dərhal müəyyən edərək bloklayır. Diqqət edilməli digər məqam məlumatların mətn olaraq göstərilməməsidir. Onların skriptlər və yaxud minimum müdafiə olaraq şəkil formatında yerləşdirilməsi məqsədəuyğundur. Bu, avtomatik oxuma ilə məlumatların toplanmasının qarşısını ala bilər. Bundan başqa, CAPTCHA və "rate limit" tətbiq oluna bilər. Əgər eyni IP ünvanından qısa müddətdə saytın müxtəlif səhifələri oxunursa, yəni bir saniyə ərzində beş səhifəyə müraciət edilirsə bu, əlbəttə ki, insan deyil, hansısa botdur. Belə hallarda limitlər qoymaqla sürətli oxumanın qarşısını minimallaşdırmaq mümkündür. Digər tərəfdən açıq məlumatları ümumiyyətlə minimuma endirmək lazımdır. Məsələn, bir universitetin və ya dövlət qurumunun saytında onlarla telefon nömrəsi və yüzlərlə e-poçt ünvanı ola bilər. Bunların hamısını saytda açıq şəkildə göstərmək yerinə, zənglərin qəbulu üçün mərkəzi ümumi giriş nömrəsi və vahid e-poçt ünvanı qoyulsa, bu daha məqsədəuyğun olar. Bu yanaşma həm təhlükəsizliyi artırır, həm də kütləvi məlumat yığımının qarşısını effektiv şəkildə alır".

Ekspert rəhbər şəxslərin adından kibercinayətkarların yazdığı mesajlar vasitəsilə həyata keçirilən sosial mühəndislik hücumlarından qorunmaq üçün əməkdaşların bir sıra məqamlara diqqət etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Profilində rəhbərin şəklinin olması həmin şəxsin o olması demək deyil. Əməkdaşlar həmin profilə daxil olaraq nömrənin rəhbərə məxsus olub-olmadığını dəqiqləşdirə bilər. Adətən dələduzlar yerli nömrələrdən deyil, digər ölkələrə məxsus nömrələrdən istifadə edirlər. Nömrənin əvvəlində Azərbaycan kodunun olub-olmamasına diqqət edilməlidir. İkinci bir məsələ, kiberdələduzlar nəticəni maksimum tez bir zamanda əldə eləmək üçün psixoloji məqamlardan istifadə edirlər. Çünki insan daha çox düşündükcə ağlında müdafiə mexanizmləri formalaşır. Əgər mesajda "təcilidir", "məxfidir", "heç kimə demə", "hansısa rəsmi orqandan zəng vuracaqlar" kimi təcili qərar verməyə sövq eləyən məqamlar varsa, bu, böyük ehtimalla kiberdələduzluq cəhdidir. Buna mütləq diqqət eləmək lazımdır. Üçüncü tərəfdən, maliyyə və konfidensial tələblər ola bilər. Əgər rəhbər sizdən "WhatsApp" üzərindən pul köçürməsi, kripto transferi və ya hansısa daxili sənədlərin göndərilməsini istəyirsə, bunu təhlükə kimi görməlisiniz. Qurumlar daxildə əməkdaşları üçün müəyyən siyasət tətbiq eləməlidirlər. Məsələn, ikiqat doğrulama tətbiq edilə bilər. belə bir mesaj gəlibsə, maliyyə və ya həssas tapşırıq alınıbsa, həmin adamla korporativ daxili telefon, daxili e-mail sistemi və ya birbaşa zəng vasitəsilə əlaqə saxlanılmalıdır. Oradan tapşırığın şifahi doğrulanması həyata keçirilməlidir. Qurum bu qaydanı tətbiq etsə, bu hücumların qarşısını almağa dəstək ola bilər. Əgər belə mesajlarda maliyyə əməliyyatlarından söhbət gedirsə, mütləq formada daxili sənəd dövriyyəsi, rəsmi imza proseduru və ya digər daxili kommunikasiya kanalı ilə maliyyənin ikinci dəfə təsdiqi alınmalıdır. Kibercinayətkarların qurbanı olmamaq üçün standart olmayan kanallarla gələn maliyyə tələblərini mütləq daxili kanallarla təsdiqləmək lazımdır".

B. İbrahimov əməkdaşlar arasında müntəzəm təlimlərin keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb: "Bu təlimlər təkcə İT sahəsi üçün deyil, maliyyə, kadrlar, rəhbərlər, rəhbər köməkçiləri və xüsusi risk qrupunda olan əməkdaşlar üçün mütləq və davamlı formada sosial mühəndislik hücumlarına qarşı təşkil olunmalıdır. Mütləq formada qurumun və ya şirkətin təyinatından, fəaliyyət istiqamətindən asılı olaraq simulyasiya testləri edilməlidir. Qurum daxilində əməkdaşları öncədən məlumatlandırmadan bu tip saxta mesaj simulyasiyaları keçirərək, onların buna necə reaksiya verəcəyi və ayıqlıq səviyyəsi yoxlanılmalıdır. Bu yoxlanışlar nəticəsində aşkarlanmış boşluqların aradan qaldırılması, vəziyyətin necə yaxşılaşdırıla biləcəyi müzakirə olunmalı və növbəti dəfə belə səhvlərə yol verilməməsi üçün tövsiyələr verilməlidir. Mütləq formada insidentlərin bildirilməsi siyasəti olmalıdır. Şirkət daxilində informasiya təhlükəsizliyinə cavabdeh bir şəxs, yoxdursa, o istiqaməti kurasiya edəcək bir mütəxəssis təyin olunmalıdır. Qurumla bağlı istənilən əməkdaşa hər hansı bir vasitə ilə belə mesajlar çatıbsa, bu barədə mütləq məlumat verilməlidir. Onlar da öz növbəsində ya daxili resursları əsasında bunun qarşısını alırlar, ya da yuxarı dövlət qurumlarına və informasiya təhlükəsizliyinə cavabdeh olan müvafiq orqanlara məlumat verərək onlardan dəstək alırlar".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər