Bu ilin sonunadək Seneqal prezidentinin Azərbaycana səfəri gözlənilir
Far.Az xəbər saytı

Bu ilin sonunadək Seneqal prezidentinin Azərbaycana səfəri gözlənilir


Bu ilin sonunadək Seneqalın Prezidenti Bassirou Diomaye Fayenin Azərbaycana rəsmi səfəri gözlənilir.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Seneqalın iqamətgahı Ankarada yerləşən Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop bildirib.

O deyib ki, Seneqal ilə Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılır. Bu, ilk növbədə, nazirlərin rəsmi səfərləri səviyyəsində nəzərdə tutulub: "Eyni zamanda, Seneqal Prezidentinin də Azərbaycana səfərinin təşkili üzərində hazırlıqlar aparırıq".

Səfir qeyd edib ki, Azərbaycanla Seneqal arasında keçiriləcək görüşlərdə ana xətti iqtisadi-ticarət əlaqələri, xüsusilə də neft-qaz sektoru təşkil edəcək: "Məlum olduğu kimi, son illər Seneqalda da zəngin neft və qaz yataqları aşkar olunub. Biz Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı, idarə olunması və emalı sahəsindəki zəngin təcrübəsini öyrənmək istəyirik".

Hazırda ölkəsinin Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinin çox kiçik həcmdə olduğunu vurğulayan səfir bildirib ki, bu göstəricini mütləq şəkildə artırmaq üçün rəsmi səfərlərin intensivləşməsinə ehtiyac var: "Azərbaycana səfərimizin və keçirdiyimiz görüşlərin əsas məqsədlərindən biri də elə budur.

Hesab edirik ki, ilk növbədə, Azərbaycan və Seneqalın özəl sektor nümayəndələrini bir araya gətirmək lazımdır. Sahibkarlar hər iki ölkənin nə istehsal etdiyini, hansı məhsul və imkanlara malik olduğunu dəqiq bilməlidirlər. Yalnız bundan sonra birgə müəssisələr yaradıla və dayanıqlı ticarət tərəfdaşlığı qurula bilər. Bir sözlə, biz iş adamlarımız arasında möhkəm körpü salmalıyıq".

Səfir onu da deyib ki, Seneqal prezidentinin rəsmi səfərindən çox müsbət gözləntiləri var: "Təbii ki, bu təmaslardan sonra ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni və daha yüksək səviyyəyə qalxacağını gözləyirik".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər