Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir?
Far.Az xəbər saytı

Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir?


Dünyanın enerji bazarında eyni vaxtda baş verən bir neçə mühüm proses qlobal neft balansının yenidən formalaşa biləcəyi ilə bağlı müzakirələr yaradıb.

Ukraynanın dron hücumları nəticəsində Rusiyanın bir sıra iri neft emalı zavodlarının fəaliyyətinin dayanmasından sonra ölkədə benzin istehsalı daxili tələbatın təxminən 70%-ni qarşılayacaq səviyyəyə düşüb. Nəticədə Rusiyanın bəzi regionlarında yanacaq qıtlığı daha da kəskinləşib.

Digər tərəfdən, ABŞ və Venesuela arasında neft sahəsində əməkdaşlığa dair bağlanmış saziş təsdiqlənmiş ehtiyatı 65 milyard barel neft olan 17 strateji yatağın işlənməsini nəzərdə tutur. Sənədə əsasən, saziş özəl şirkətlərin iştirakı ilə neft hasilatını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Venesuela hakimiyyəti hesab edir ki, saziş ölkənin iqtisadi artımına, Qərb yarımkürəsində enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və beynəlxalq neft bazarlarında sabitliyin artırılmasına töhfə verəcək.

Bunun fonunda ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyaları və dünyanın ən mühüm enerji arteriyalarından biri olan Hörmüz boğazı ətrafındakı gərginlik də davam edir. Beləliklə, bir tərəfdə Rusiyanın neft emalı və yanacaq istehsalına zərbələr, digər tərəfdə Venesuelanın hasilat potensialının yenidən işə salınması, eyni zamanda İran ətrafında artan təzyiq qlobal neft bazarında bir-birini tamamlayan və ya əks istiqamətdə işləyən proseslər yaradır. Bəs bütün bu hadisələr dünya neft bazarının gələcək balansına necə təsir göstərə bilər?

Far.Az xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, bu günə qədər dünyanın müxtəlif transformaliyaradan keçməsi dəfələrlə dilə gətirilib:

Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir?

- Ən çox səsləndirdiyimiz transformasiyalardan biri Dördüncü Sənaye İnqilabı, yeni texnologiyaların tətbiqi, robotlaşma və əmək bazarındakı dəyişikliklərdir. İkinci böyük transformasiya ənənəvi enerjidən alternativ enerjiyə keçiddir. Üçüncüsü isə əmək bazarının transformasiyasıdır.

- Bu transformasiyaların baş verməsi nədən irəli gəlir və hansı proseslərin cərəyan etməsini zəruri edir?

- Bun transformasiyalar yeni dünya düzəninin formalaşmasını zərurətə çevirir. Əgər dünyada bu qədər fundamental dəyişiklik baş verirsə, resursların, nüfuz dairələrinin və iqtisadi imkanların yenidən bölüşdürülməsi qaçılmaz olur. Hazırda biz bunun şahidiyik.

- Bəs yeni dünya düzəninin formalaşmasında enerji bazarının rolu nədir?

- Enerji bazarı yenidən bölüşdürmənin ən mühüm istiqamətlərindən biridir. Məsələn, 20 il əvvəl Avropanın qaz bazarında dominant mövqeyə malik olan əsas oyunçu Rusiya idi. "Qazprom" Avropa bazarının təxminən 40 faizini qazla təmin edirdi. Bu gün isə həmin dominantlıq demək olar yoxdur və onu əsasən ABŞ əvəz edib. Digər tərəfdən, ABŞ son 20 ilə qədər hətta neft quyularını bağlamışdı, neft hasilatında zəif idi və daha çox idxal edirdi. Son 20 ildə isə nəinki hasilatı artırdı, hətta şist neft istehsalını genişləndirdi və nəticədə ABŞ idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Bunun ardınca Venesuela və digər ölkələrin neftinin dünya bazarına çıxarılması gündəmə gəldi. Əsas məsələlərdən biri enerji bazarlarına və enerji istehsal edən ölkələrə nəzarətdir. İkinci məsələ ondan ibarət idi ki, dünya iqtisadiyyatının təməl prinsiplərindən birinin ucuz enerji olduğunu hər kəs anladı. Ucuz enerji iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi deməkdir. Bu, həm də aşağı inflyasiya və daha yüksək iqtisadi artım deməkdir. Hansı ölkələr ucuz enerji siyasəti yürüdürsə, onlar daha sürətlə inkişaf edirlər. Çini də bu baxımdan nümunə göstərmək olar. Yaxud ölkələr var ki, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində, inkişaf etmiş dövlətlərdə, hətta Avropanın özündə enerji bahalaşanda dövlət subsidiyalar tətbiq edir və ya müəyyən güzəştlər verir ki, yüksək enerji qiymətləri istehsala ciddi zərbə vurmasın.

- Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə və qlobal inflyasiyaya təsirini necə qiymətləndirirsiniz?

- Müharibənin ilk aylarında enerji qiymətlərində kəskin artım oldu. Daha sonra bazar müəyyən qədər tənzimləndi. 2022-ci ilin qışında soyuq hava səbəbindən qaz və neft qiymətləri yenidən yüksəldi, sonrakı mərhələdə isə aşağı düşdü. Lakin həmin müharibə nəticəsində Rusiyanın böyük resursları daha ucuz qiymətlərlə dünya bazarına çıxdı və bu da inflyasiyaya müsbət təsir göstərdi. Sonrakı mərhələdə bunu müşahidə edən ABŞ daha ucuz enerji məsələsini gündəmə gətirdi. Bu da neft qiymətlərinin konkret olaraq 50-55 dollar ətrafında olması idxal və ixrac edən ölkələr arasında balans yaradacaq kimi fikir formalaşdırdı. Bu proses çərçivəsində sanksiya altında olan Venesuela, İran və Liviya neftinin dünya bazarına çıxarılması məsələsi ortaya qoyuldu. 2016-cı ildən etibarən bu mövzuda yazdığım araşdırmalarda dəfələrlə qeyd etmişəm ki, sözügedən üç ölkənin nefti dünya bazarına çıxarsa, neftin qiyməti həddən artıq ucuzlaşa, hətta 25-30 dollara qədər düşə bilər. Çünki dünyada bu gün neft bazarında təxminən gündəlik 104 milyon barel həcmində alqı-satqı gedir. Hörmüz boğazı ətrafında gedən gərginlik bu balansı müəyyən qədər pozdu, amma ümumi alqı-satqı qeyd etdiyim rəqəm həcmindədir. Bu, elə bir bazardır ki, burada 2-3 milyon barellik dəyişiklik belə qiymətlərə ciddi təsir göstərə bilər.

- Hörmüz boğazındakı dəyişiklik necə kompensasiya olunur?

- Onun 7-8 milyon bareli birbaşa borular vasitəsilə ixrac olunan neft sayəsində, qalan 13 milyon barreli isə müxtəlif yollarla - ehtiyatlardan istifadə etməklə kompensasiya olunur. Hazırda 400 milyon barrel ehtiyatdan istifadə olunur. Nəticədə biz görürük ki, dünya neft bazarına əlavə olaraq embarqo altında olan bu üç ölkənin, xüsusi ilə Venesuela və İran neftinin çıxarılması ciddi bir pozuntu yarada bilər. Bu, həm də Amerika Birləşmiş Ştatlarını narahat edirdi, çünki 25-30 dollarlıq neft ABŞ şist neftini məhv edərdi. Çünki ABŞ şist neftinin maya dəyəri əvvəllər 60 dollar civarında idi, indi isə 40-45 dollara düşüb. Əgər neftin maya dəyəri 45 dollardırsa, onun 30-35 dollara düşməsi hasilatın saxlanılması, Birləşmiş Ştatların neft hasilatında yenidən geri düşməsi deməkdir. Ona görə də Rusiya nefti dünya bazarından çıxarıldı. Gündəlik təxminən 7 milyon barrel neft ixrac edən Rusiya bu gün onun heç yarısını ixrac edə bilmir. Müəyyən hissə isə kölgə donanması vasitəsilə dünya bazarına çıxır. Yəni bir neçə böyük oyunçunun bazardan çıxarılması planı işə düşdü. Bu oyunçulardan biri Rusiya olsa da İran məsələsində ABŞ həmin planı yerinə yetirə bilmir.

- Tramp buna görə Venesuelada olan yataqların daha sürətlə işlənilməsi ilə bağlı məsələni gündəmə gətirdi?

- Venesuela neftinin daha sürətlə hasil edilməsi və dünya bazarına çıxarılması hazırda xüsusi əhəmiyyət daşıyır. Çünki enerji qiymətlərinin inflyasiyaya birbaşa təsiri var. ABŞ-də hazırda inflyasiya yüksəkdir və azalması üçün neft qiymətləri ən azından 60 dolların altına düşməlidir. Bunun üçün uzun müddət tələb olunur. Çünki inflyasiyanı bir ay ərzində aşağı salmaq mümkün olsa belə, 12 aylıq inflyasiyaya çox yüksək təsir göstərmək olmur. Ona görə də faktiki olaraq Venesuela neftinin təcili daha çox hasil olunmasına ehtiyac var. Hörmüz boğazındakı çatışmazlıqları kompensasiya etmək və neft qiymətlərinin aşağı salınması üçün inflyasiya aşağı salınmalıdır. İnflyasiyanın aşağı salınması dünyada gözlənilən faiz dərəcələrinin azaldılması deməkdir. Bu, ən çox ABŞ üçün çox vacibdir. Çünki yüksək faiz dərəcəsi borclanmadır. ABŞ-nin borcu 40 trilyon dolları keçib və bu yüksək borca görə faiz ödənilməlidir. Bu gün Amerika Birləşmiş Ştatlarının büdcəsində təkcə 1.2 trilyon dollar hər il faiz ödənişdir və büdcə kəsiri çox sürətlə artır. Bu faiz ödənişlərini aşağı salmaq üçün ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) faizləri aşağı salmalıdır. Əgər FED bu gün faizləri məsələn, 3.5, 3, 75-dən 1 faizə sala bilsə büdcəyə ödəniş 1.2 trilyon dollardan 300-350 milyard dollara düşəcək və 1 trilyon dollara qədər vəsaitə qənaət edilmiş olacaq. ABŞ hazırda bunu istəyir, çünki bu kəsir müəyyən xərcləmələrə imkan vermir. ABŞ-nin büdcə kəsiri ÜDM-in 6 faizindən yuxarıdır və bu, kifayət qədər yüksək göstəricidir. Ənənəvi olaraq 3 faiz ətrafı səviyyə daha dayanıqlı hədd kimi qəbul edilir. Digər tərəfdən, Pentaqonun büdcəsinin artırılması tələbi, digər dövlət xərcləri və borc xidmətinin bahalaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Buna görə enerji qiymətlərinin və inflyasiyanın aşağı salınması ABŞ üçün strateji əhəmiyyət daşıyır.

- Bir sözlə, dünyada enerji transformasiya gedir və ABŞ bu dəyişikliyi öz lehinə çevirmək istəyir...

- Enerji artıq sadəcə iqtisadi resurs deyil, geosiyasi alətdir. ABŞ daha ucuz enerji istəyir, çünki Çinlə də rəqabət aparır. Eyni zamanda, Yaponiya, Avropa İttifaqı və digər inkişaf etmiş iqtisadiyyatlarda durğunluq problemləri var. Bu ölkələrin hamısına daha ucuz enerji lazımdır ki, inflyasiya aşağı düşsün, istehsal yüksəlsin və iqtisadi artım bərpa olunsun. Bir tərəfdən də artıq Rusiya nefti bzaradan çıxarılır və nəticə etibarı ilə bu gün faktiki olaraq dünyada ciddi neft təklifi potensialı var və müxtəlif səbəblərlə bu potensialın bazara çıxarılması gündəmdədir. Nəticədə 45-50 dollar ətrafı qiymətlər müəyyən mənada bazar üçün balanslı səviyyədir. Bundan əhəmiyyətli dərəcədə aşağı qiymətlər isə bu dəfə hasilata və investisiyalara zərbə vura bilər. Nəticədə dünyada neft qiymətlərini daha ucuza salmaqdır (təxminən yanaşma 45-50 dollar ətrafındadır, ondan aşağı sərf etmir). Əgər bu rəqəmdən aşağı olarsa, bu dəfə istehsalda və invesitiyalarda kəskin enmələr müşahidə oluna bilər. Bahalı neft isə idxalçı ölkələrə sərf etmir. Dünya hazırda bu istiqamətə gedir və əslində olan da budur. Bu plan yerinə yetiriləcək, neft daha da ucuzlaşacaq. Yəni neftin qiymətinin 50-55 dollar ətrafına gəlməsi ehtimalı yüksəkdir. İranla gərginlik bu planı pozdu, qiymətlər yuxarı qaldı. Amma növbəti illərdə Venesuela neftinin dünya bazarına çıxması digər neft hasil edən ölkələrin istehsalı artırmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə ABŞ-nin özünün bu sahədəki siyasəti neftin qiymətinin əvvəl-axır 50-55 dollar civarına düşməsi planına xidmət edəcək.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər