Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH
2026-cı ilin 19 oktyabr tarixində Kanadanın Alberta əyalətində referendum keçiriləcək. Bu referenduma ölkənin gələcəyi baxımından vacib siyasi hadisə prizmasından baxmaq lazımdır. Referendum çərçivəsində seçicilər əyalətin Kanadanın tərkibində qalması və ya müstəqillik istiqamətində növbəti hüquqi mərhələnin başladılıb-başladılmasına səs verəcəklər. Bu məsələdə diqqət ediləcək məqam isə ondan ibarətdir ki, bu referendum Alberta əyalətinin müstəqilliyi barədə hələ yekun qərar mənasına gəlmir. Çünki seçicilərin müstəqilliklə bağlı müsbət qərarı əyalət hökumətinin Kanada Konstitusiyası çərçivəsində müstəqillik üzrə məcburi referendum keçirmək üçün hüquqi prosesə başlamasına yol açacaq. Yəni, əyalət sakinləri gələcəkdə belə bir qərarın xalq səsverməsinə çıxarılıb-çıxarılmaması barədə mövqelərini bildirəcəklər.
Həm də bu prosesə paralel olaraq, Alberta əyalətində maraqlı vətəndaş təşəbbüsü də irəli sürülüb və müstəqillik barədə birbaşa referendum keçirilməsi üçün "Stay Free Alberta" təşkilatı hələ may ayında imza kampaniyası keçirərək, petisiyanı "Elections Alberta"ya təqdim edib. Maraqlıdır ki, tələb olunan imza həddi 177 min 732 olsa da, kampaniya çərçivəsində daha çox imza toplandığı barədə sosial şəbəkələrdə və Kanada mətbuatında məlumat yayılıb. Petisiyanın verilməsi ilə bağlı ilkin qərar məhkəmə tərəfindən ləğv edilib və məsələ hazırda Alberta Apellyasiya Məhkəməsindədir. Məhkəmənin qərarı bu təşəbbüsün gələcək taleyini müəyyənləşdirəcək. Vətəndaş təşəbbüslərinin belə məhkəmə maneələri ilə qarşılaşması da federal hüquq sisteminin bu prosesi tormozlamaq mexanizmlərindən biridir.
Əslində bu referendum əyalətlə federal hökumət arasındakı iqtisadi narazılıqdan yaranıb. Bu narazılığın kökü isə ölkənin enerji siyasətinə dair uzunmüddətli mübahisələrdən qaynaqlanır. Alberta Kanadanın əsas neft və qaz istehsal mərkəzlərindən biridir. Əyalət rəhbərliyi də enerji ehtiyatlarından əldə olunan gəlirlərdən daha böyük pay istəsə də, federal hökumət enerji siyasətinin ölkə üzrə vahid qaydalarla tənzimləyib. 1980-ci ildə Baş nazir Pyer Trüdonun hökuməti Milli Enerji Proqramı tətbiq etməyə başladı ki, qarşıdurma daha da kəskinləşdi. Çünki proqram çərçivəsində neft və qaz qiymətlərini əsasən federal hökumət müəyyənləşdirir, enerji şirkətlərinin gəlirlərinə yeni vergilər tətbiq edilir, Albertadan çıxarılan neftin əsasən ölkə daxilində satılması nəzərdə tutulurdu. Alberta hökuməti bunu əyalətin resursları üzərində hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirdi. Proqram əyalətdə geniş etirazlara səbəb oldu və federal hökumətlə Alberta arasında münasibətləri uzun müddət gərginləşdirdi. Proqram 1985-ci ildə ləğv edilsə də, narazılıq tam olaraq aradan qalxmadı. Çünki o vaxtdan etibarən "Ottava Alberta resurslarından kifayət qədər faydalanır, əvəzində əyalətin maraqlarını lazımi səviyyədə qorumur" düşüncəsi ortaya çıxdı.
Kanada hökuməti Albertanın ölkədən ayrılması prosesini qəti şəkildə rədd edir və ölkənin ərazi bütövlüyünü müdafiə edir. Kanada qanunlarına görə, Alberta referendumda müstəqilliyə səs versə belə, ertəsi gün Kanadadan ayrıla bilməz. 1998-ci ildə Kanadanın Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, bunun üçün əvvəlcə ayrılma məsələsi barədə aydın sual qoyulmalı və əhalinin çoxluğu müstəqilliyə səs verməlidir. Bundan sonra federal hökumət və əyalətlər ayrılmanın şərtlərini müzakirə etməlidir. Ərazi, dövlət borcu, sərhədlər və digər məsələlər üzrə razılaşma əldə edilməli, sonda isə Kanada Konstitusiyasına dəyişiklik edilməlidir. Beləliklə, Alberta üçün də hüquqi yol nəzəri olaraq mövcuddur, amma referendumun müsbət nəticəsi avtomatik müstəqillik yaratmır: bundan sonra uzunmüddətli konstitusion danışıqlar və Kanadanın Konstitusiyasına dəyişiklik tələb olunur.
Kanadanın Alberta məsələsindəki mövqeyi ölkənin xarici siyasətdə müdafiə etdiyi prinsiplərlə müqayisədə ciddi sual doğurur. Öz ölkəsinin ərazi bütövlüyünü qoruyan, ayrılma fikri ilə bağlı referendumu qəti şəkildə rədd edən Ottava bu ilin avqust ayında Cənubi Qafqazla bağlı bəyanatında "Artsax"ın "öz müqəddəratını təyinetmə hüququnu" açıq şəkildə dəstəklədiyini bildirib, ərazi bütövlüyü ilə yanaşı bu prinsipi vurğulayıb. Bu yanaşma isə Alberta sakinləri üçün əsas arqumentə çevrilə bilər. Kanada başqa ölkələrdə xalqların siyasi gələcəyini müəyyənləşdirmək hüququnu müdafiə etdiyi halda, eyni prinsip öz ərazisində gündəmə gələndə ərazi bütövlüyünü əsas götürür. Bunun ən bariz nümunəsi Alberta əyaləti məsələsidir. Baş nazir və federal rəsmilər əyalətin müstəqillik istiqamətində atdığı addımları ölkənin birliyinə təhdid kimi qiymətləndirir və ayrılma ideyasına qarşı çıxırlar. Beləliklə, Kanadanın mövqeyində diqqətçəkən ziddiyyət yaranır: Ottava başqa ölkələrdə xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edir, lakin eyni prinsip öz ərazisində Alberta məsələsində gündəmə gələndə ölkənin ərazi bütövlüyünü əsas götürür.
Kanada hökumətinin bu ikili yanaşması haqlı bir sualın ortaya çıxmasına səbəb olur: əgər xalqların öz siyasi gələcəyini müəyyənləşdirmək hüququ müdafiə olunan universal prinsipdirsə, niyə bu prinsip Alberta sakinlərinə şamil edilmir? Çünki Kanada hökumətinin yanaşması siyasi maraqlar üzərində qurulub. Xarici siyasətdə müafiə olunan prinsip ölkə daxilində fərqli meyarla tətbiq edilirsə, bu, ikili yanaşmadan başqa bir şey deyildir. Belə bir yanaşma da öz növbəsində Kanadanın beynəlxalq müstəvidə irəli sürdüyü mövqelərin siyasi etibarlılığını sual altına salır.
Kanadanın federativ birliyini qorumaq və ərazi bütövlüyünü müdafiə etmək hüququ şübhə doğurmur. Problem isə Ottavanın bu prinsipə yanaşmasının xarici və daxili siyasətdə eyni meyarla tətbiq olunmamasıdır. Əgər öz müqəddəratını təyinetmə hüququ beynəlxalq münasibətlərdə müdafiə olunan prinsipdirsə, onun Alberta məsələsində tamamilə başqa meyarla qiymətləndirilməsi ciddi suallar yaradır. Alberta məsələsi Kanadanın beynəlxalq hüquq prinsiplərinə səmimi yox, konyunktur və siyasi maraqlardan çıxış edərək yanaşdığını göz önünə sərir. Ottavanın bu yanaşması təkcə öz xarici siyasətinin etibarlılığını zədələmir, həm də Alberta əyalətinə qarşı hüquqi və mənəvi debatda zəif mövqeyə salır...
Kamil Məmmədov
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













