Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Qədim dövlətçilik ənənələrinə, zəngin tarixi və mədəni irsə malik Azərbaycan dünya tarixində özünəməxsus yer tutur. Ərazidə tarixin müxtəlif dövrlərində yaranmış dövlətlər və mədəniyyətlər Azərbaycanın çoxqatlı tarixinin formalaşmasında mühüm rol oynayıb. Şübhəsiz ki, adı yazılı mənbələrdə eramızdan əvvəl 4-cü əsrdən etibarən çəkilən Qafqaz Albaniyası xüsusi çəkiyə malikdir. AMEA-nın məlumatlarına görə, əslində bu dövlətin formalaşması daha qədim dövrlərə qədər gedib çıxır. Arxeoloji qazıntılar və əldə edilən tapıntılar da sübut edir ki, Azərbaycan ərazisində Albaniya dövlətinin yaşı 3 min ildən çoxdur. Əgər tarixi mənbələrə və xəritələrə baxsaq, Albaniya dövlətinin ərazilərinin Kür çayından şimalda yerləşən torpaqlar, Qarabağ və Azərbaycanın şimal-qərb bölgələri ilə bağlı olduğunu görərik. Tarixi vilayətlər arasında Uti, Arsak, Şəki, Qəbələ və digər bölgələrin adına rast gəlmək mümkündür ki, onların bir qismi bu gün də öz tarixi adlarını qoruyub saxlamaqdadır. 4-cü əsrdən başlayaraq xristianlığın yayılması və Albaniyada bu dinin dövlət səviyyəsində qəbul olunması ölkənin müxtəlif ərazilərində xristian məbədlərinin inşasına və dini icmaların formalaşmasına səbəb oldu. O dövrlərdə müxtəlif ərazilərdə inşa edilən kilsə və monastırlar dini və mədəni həyatın əsas mərkəzlərinə çevrildi. Yəni, Albaniyada xristianlığın qəbulu memarlığın inkişafına və bu irsin günümüzədək gəlib çatmasına zəmin yaratdı.
Maraqlıdır ki, Albaniyada formalaşan dini memarlığın mühüm hissəsi Qarabağda meydana gəlib və Alban xristian irsinin əsas mərkəzlərindən birinə çevrilib. Məsələn, Kəlbəcərdə 6-7-ci əsrlərdə inşa edilən Xudavəng, Laçında 5-6-cı əsrlərə aid Ağoğlan kilsəsi, orta əsrlərə aid Havaptuğ məbədi ilə yanaşı, Gəncəsər monastırı, Yeddi Qapı monastırı, Piçənis alban məbədini misal çəkə bilərik. Bundan əlavə, Qax rayonunda Kürmük məbədi, Qum kəndində 6-cı əsrə aid məbəd, Güllük kəndində 7-ci əsrə aid alban kilsəsi mövcuddur. Zaqataladakı məşhur Pəriqala da alban məbədi sayılır. Qədim Qəbələnin isə Albaniyanın paytaxtı olması tarixi faktdır. Nic, Əmilli, Çuxur Qəbələ kəndlərindəki abidələr, Komrad dağı və digər qədim məbəd qalıqları var. Şəkinin Kiş kəndində, orta Zəyzid kəndində də alban memarlıq nümunələri kifayət qədərdir. Bundan əlavə, Qax və digər rayonlarda da kifayət qədər kilsə və məbədlər mövcuddur.
Göründüyü kimi, abidələr müxtəlif əsrlərə aiddir və söhbət bir dövrdə yaranmış müxtəlif tikililərdən yox, əsrlər boyu davam edən Alban mədəniyyətindən və irsindən xəbər verir.
Alban irsinin mühüm göstəricilərindən biri də onun özünəməxsus yazı mədəniyyətinin formalaşmasıdır. Qafqaz Albaniyasında 52 hərfdən ibarət əlifbanın yaradılması ölkədə inkişaf etmiş yazılı mədəniyyətin mövcudluğunu göstərir. Alban əlifbasının Qarqar dili əsasında tərtib edilməsi ilə bağlı elmi fikirlər mövcuddur və araşdırmalar bu əlifbanın erməni dili ilə heç bir bağlılığının olmadığını göstərir. V əsrdə Alban dövlətinin mərkəzi Bərdə olan dövrdə əlifbanın və tədris ocaqlarının yaradılması da bu yazı mədəniyyətinin dövlət və dini həyatdakı əhəmiyyətini göstərir. Lakin sonrakı əsrlərdə Alban yazılı irsinin mühüm hissəsinin qorunub saxlanılmaması nəticəsində bu mədəni yaddaşın böyük bir qismi itib. Buna baxmayaraq, arxeoloji, epiqrafik və antropoloji tədqiqatlar Alban əhalisinin regionun qədim yerli əhali kütlələrindən biri olduğunu göstərir. AMEA-nın son tədqiqatlarında da yerli Alban tayfalarının Azərbaycan xalqının mənşəyini təşkil edən əsas əhali qruplarından biri olduğu qeyd edilir. Bu baxımdan müasir Azərbaycan xalqının tarixi-mədəni formalaşmasında Alban irsinin də mühüm yeri var və bu irs Azərbaycanın çoxqatlı etno-mədəni tarixinin tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər.
Tarixi nöqteyi-nəzərdən bu kilsə və məbədlər həm də o dövrün tarixinə işıq tutan mənbələr sayılır. Çünki monastır və kilsələrin divarlarında, qəbir daşlarında və xaçdaşlarında müxtəlif vacib məlumatlar qorunur. Burada abidənin kim tərəfindən tikildiyi, hansı hakim sülalələrlə bağlı olduğu, hansı ruhanilərin fəaliyyət göstərdiyi və məbədlərə hansı torpaqların bağışlandığı qeyd edilir. Məsələn, Xudavəng monastırında 1182-ci ilə aid kitabədə Xaçın hökmdarı Həsənin qardaşı Qriqorinin Alban yepiskopu olduğu qeyd edilir. 1214-cü il kitabəsində isə Vaxtanqın xanımı Arzu xatunun kilsəni əri və vaxtsız vəfat etmiş oğulları Həsən və Qriqorinin xatirəsinə tikdirdiyi yazılıb. Monastırın digər kitabələri Xaçın hakim ailəsinin üzvlərinin burada dəfn edildiyini, həmçinin torpaqların monastıra bağışlandığını sənədləşdirir. Gəncəsər monastırının kitabələrində abidənin Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edildiyini bildirir. Bu kimi faktlar kifayət qədər çoxdur və onu göstərir ki, daş kitabələr alban mədəni irsinin tarixi sənədləri missiyasını yerinə yetirir.
1800-cü illərin əvvəlində Cənubi Qafqazda yeni siyasi vəziyyət yarandı. Qarabağ xanlığının Rusiya imperiyasının nəzarətinə keçməsi, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra ermənilərin Qarabağa kütləvi köçü başlayır. Xüsusən də Türkmənçay müqaviləsindən sonra İrandan və Osmanlı imperiyasının ərazilərindən Qarabağa kütləvi köçürülən ermənilər regionun etnik tərkibini dəyişdirdi. Bu köçürülmə əslində Rusiya imperiyasının Cənubi Qafqazda həyata keçirdiyi siyasi strategiyanın tərkib hissəsi idi və işğal etdiyi ərazilərdə xristian dayağı yaratmaq məqsədilə ermənilərdən istifadə edirdi. Bu vəziyyət isə alban kilsəsinin də taleyinə ciddi təsir etdi. Əsrlər boyu müstəqil fəaliyyət göstərən Alban kilsəsi siyasi və demoqrafik yeniliklərə məruz qaldı. 1836-cı ildə Rusiya İmperiyasının Sinod qərarı ilə Alban kilsəsinin müstəqil dini qurum kimi fəaliyyəti dayandırıldı və onun idarəçiliyi erməni Qriqoryan kilsəsinin ixtiyarına verildi. Bu, alban kilsələrinin erməniləşmə prosesinin başlanğıcı idi.
Belə ki, alban kilsə institutunun ləğvinə paralel olaraq, onun maddi və yazılı irsi də başqa dini kimlik adı altında təqdim edilməyə başladı. Regiona yeni yerləşən ermənilər növbəti dövrlərdə bu ərazilərin qədim dövrlərdən onlara məxsus olması ilə bağlı saxta tezislərə baza yaratmaq üçün bu üsula əl atırdılar. Bunun ən geniş yayılmış formalarından biri Gəncəsər monastırı ilə bağlıdır. Monastırın kitabələrinin bir hissəsi sonrakı dövrlərdə dəyişdirilib, orijinal daş kitabələr sökülərək yeni yazılar həkk olunmuş lövhələrlə əvəzlənib. Bu dəyişikliklər nəticəsində Alban kilsəsinin tarixini və müstəqil dini ənənəsini əks etdirən epiqrafik məlumatların bir hissəsi məhv edilib. Amaras monastırı da alban katolikosluğunun ləğvindən sonra tənəzzül edib, 1858-ci ildə köhnə təməllər üzərində yenidən inşa edilib və 925-ci ilə aid stella məhv edilib. Bu kilsə də ermənilər tərəfindən erməniləşdirilib. Xudavəng monastırında da kitabələrdə və memarlıq elementlərində dəyişikliklər edilib, alban irsinə aid yazılar erməniləşdirilib. Bunlar faktlarla artıq sübuta yetirilib. Hoçaz məbədində Alban kitabəsinin yerləşdiyi daşın məhv edilərək yerinə erməni yazısının qoyulduğu, Piçənisdə isə Alban kitabəsinin götürülüb erməni yazısı və xaçla əvəzləndiyi bilinir. Bütün bunlar isə sistemli bir fəaliyyətin, yəni mədəniyyətə və irsə qarşı törədilən terrorun, soyqırımının bariz nümunələridir. Bu yolla ermənilər irsin ilkin tarixi yaddaşını zəiflətmək, onu erməniləşdirmək məqsədi güdüblər.
Azərbaycan dövlətinin öz tarixinə, mədəni irsinə, abidələrinə qarşı həssaslığı 2020-ci ildə ərazi bütövlüyünün bərpasından sonra da davam etdi. İşğaldan azad edilən ərazilərdə Alban irsinin, maddi mədəniyyət abidələrinin vəziyyəti öyrənildi, təhlil edildi, dəyişikliklər sənədləşdirildi, faktlar toplanaraq dünyaya təqdim edildi. Bu prosesin mühüm mərhələlərindən biri alban-udi icmasının tarixi dini irsinə yenidən çıxış əldə etməsi oldu. Udi icmasının nümayəndələri Xudavəng və Ağoğlan kimi məbədlərdə ibadət etməyə başladılar.
Bu gün işğaldan azad edilmiş ərazilərin sürətlə bərpası prosesi, Böyük Köç layihəsi icra edilir. Paralel olaraq isə, Qarabağ və Şərqi Zəngəzurda yerləşən Alban məbədlərinin elmi tədqiqi, kitabə və epiqrafik nümunələrin araşdırılması, abidələrin bərpası və onların tarixi görünüşünün müəyyənləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Burada əsas məqsəd əsrlər boyu ərazidə formalaşan dini, mədəni və tarixi irsi qorumaq və onu gələcək nəsillərə ötürməkdir. Çünki Alban irsi yalnız keçmişə aid memarlıq nümunələrinin toplusu deyil, Azərbaycanın çoxəsrlik tarixinin mühüm qatlarından biri, eyni zamanda ölkənin ərazisində formalaşmış zəngin xristian mədəniyyətinin ayrılmaz hissəsidir.
Kamil Məmmədov
Oxşar xəbərlər
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub













