Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar
Far.Az xəbər saytı

Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar


Kembric Universitetinin alimləri ürək əzələsi hüceyrələrinin yenidən bölünməsini stimullaşdıran və infarktdan sonra zədələnmiş toxumanın bərpasına kömək edən eksperimental mRNT terapiyası hazırlayıblar.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Nature Cardiovascular Research" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan sınaqlarda yeni üsul plasebo ilə müqayisədə ürəyin fəaliyyətini təxminən 10 faiz yaxşılaşdırıb.

Terapiya ürək hüceyrələrində hüceyrə bölünməsini tənzimləyən Myc və siklin T1 adlı iki zülalı müvəqqəti aktivləşdirir. Bu, yetkin orqanizmdə, adətən, demək olar ki, bölünmə qabiliyyətini itirən ürək əzələsi hüceyrələrinin çoxalmasını stimullaşdırır.

Tədqiqatçılar infarktdan sonra siçanlara preparat yeridərək ürəyin fəaliyyətini exokardioqrafiya vasitəsilə qiymətləndiriblər. Terapiya alan heyvanlarda ürəyin hər yığılma zamanı qan dövranına ötürdüyü qanın həcmi artıb. Müsbət təsir 28 gün və 12 həftə sonra aparılan təkrar müayinələrdə də qeydə alınıb. Eyni zamanda, siçanlarda aşkar yan təsirlər müşahidə edilməyib.

Alimlərin izahına görə, infarkt zamanı ürək əzələsinin hüceyrələrinin bir hissəsi məhv olur və onların yerini çapıq toxuması tutur. Nəticədə ürəyin qanı effektiv şəkildə pompalamaq qabiliyyəti zəifləyir və bu, ürək çatışmazlığına səbəb ola bilər. Mövcud müalicə üsulları simptomları nəzarətdə saxlamağa və xəstəliyin inkişafını ləngitməyə kömək etsə də, itirilmiş hüceyrələri bərpa etmir.

Tədqiqatın həmmüəllifi, Kembric Universitetinin dosenti Ketrin Uilson bildirib ki, yeni yanaşma potensial olaraq yalnız simptomlara deyil, ürəyin fəaliyyətinin pisləşməsinin əsas səbəbinə təsir göstərməyə imkan verə bilər.

İnsanlar üzərində klinik sınaqlara başlanmazdan əvvəl metodun təhlükəsizliyi və effektivliyi daha iri heyvanlar üzərində qiymətləndirilməlidir. Tədqiqatçılar gələcəkdə bu terapiyanın ürək çatışmazlığı olan xəstələrə kömək edəcəyinə ümid edirlər.

Oxşar xəbərlər

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər