Dövlət Simfonik Orkestri Müstəqillik Günü ərəfəsində Naxçıvanda konsert proqramı ilə çıxış edib
Far.Az xəbər saytı

Dövlət Simfonik Orkestri Müstəqillik Günü ərəfəsində Naxçıvanda konsert proqramı ilə çıxış edib


Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda konsert proqramı ilə çıxış edib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aparıcı bədii kollektivlərin qastrol proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert proqramı muxtar respublikanı da əhatə edib.

Layihə çərçivəsində Niyazi adına Dövlət Simfonik Orkestri 28 May - Müstəqillik Günü ərəfəsində Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edib. Konsertə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.

Musiqi axşamı bəstəkar Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" əsəri ilə açılıb. Əsər Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara təqdim olunub. Ardınca Xalq artisti Yeganə Axundova Fikrət Əmirov və Elmira Nəzirovanın "Ərəb mövzularında fortepiano konserti"nin I hissəsini ifa edib.

Konsert proqramı çərçivəsində Gülsüm Xəlilova Asəf Zeynallının "Ölkəm" və Niyazinin "Arzu" romansını təqdim edib. Hacı Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konsert" əsərinin II hissəsi isə istedadlı kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən səsləndirilib.

Muğam və klassik vokal ənənələrini birləşdirən gecədə Üzeyir Hacıbəylinin "Sevgili Canan" romansı və Niyazinin "Vətən nəğməsi" Atəş Qarayevin ifasında tamaşaçılara təqdim olunub. Konsertin növbəti hissəsində Vasif Adıgözəlovun "Qərənfil" mahnısı və Həsən Rzayevin "Çahargah" rapsodiyası Mirnofəl Həsənov tərəfindən ifa edilib.

Gecədə həmçinin Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərini Mirəli Sarızadə, Niyazinin işləməsi əsasında "Qaragilə" xalq mahnısını isə Güllü Muradova təqdim edib.

Axşam V.Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası ilə yekunlaşıb. Əsəri Güllü Muradova və Mirəli Sarızadə duet şəklində ifa ediblər.

Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin bir qrup musiqiçisi də Niyazi adına Dövlət Simfonik Orkestri ilə birlikdə səhnə alıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər