Zahid Oruc: Elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid yeni mərhələdir
Far.Az xəbər saytı

Zahid Oruc: Elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid yeni mərhələdir


Elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid insan hüquqlarının müdafiəsinin yeni mərhələsidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan rəqəmsal inkişafı kiberməkanın təhlükəsizliyi, informasiya bütövlüyü və vətəndaşın rəqəmsal hüquqlarının müdafiəsinin yeni mərhələsi kimi qiymətləndirir:

"Deepfake" texnologiyalarına qarşı cinayət məsuliyyətinin müəyyən edilməsi, kibertəhlükəsizlik institutlarının hüquqi əsaslarının gücləndirilməsi, internet informasiya ehtiyatlarında qanunsuz məzmunla mübarizənin təkmilləşdirilməsi, uşaqların rəqəmsal təhlükəsizliyinə yönələn hüquqi normalar vahid dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Rəqəmsal İnkişaf Şurası isə bu siyasətin institusional dayağıdır".

Komitə sədri bildirib ki, süni intellekt müxtəlif məlumat bazalarını birləşdirərək insanın siyasi baxışlarını, sağlamlıq vəziyyətini, emosional zəifliyini və hətta gələcək seçimlərini proqnozlaşdıra bilir:

"Hər bir şəxs onun haqqında toplanan informasiyanın hansı məqsədlə emal edildiyini, kimə ötürüldüyünü bilməli, məlumatının silinməsini tələb etmək, razılığını geri götürmək və alqoritmik qərara etiraz etmək hüququna malik olmalıdır. Alqoritmlər isə qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır - emosional məzmun platformalara daha çox gəlir gətirir. Nəticədə ayrı-ayrı insanın qəzəbi ümummilli qarşıdurma görüntüsünə, lokal hadisə dövlət böhranına çevrilə bilər".

Z.Oruc vurğulayıb ki, Azərbaycanın məqsədi rəqəmsal inkişafı hüququn aliliyi, insan hüquqlarının etibarlı müdafiəsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi prinsipləri üzərində qurmaqdır:

"Rəqəmsal xidmətlərin genişlənməsi ilə paralel olaraq fərdi məlumatların qorunması, süni intellektin etik tətbiqi, uşaqların rəqəmsal təhlükəsizliyi və kiberməkanda hüquqi təminatların gücləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilir".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər