Avropa Şurası Azərbaycana qarşı ikili standartlarına və qərəzli siyasətinə son verməlidir - RƏY
Far.Az xəbər saytı

Avropa Şurası Azərbaycana qarşı ikili standartlarına və qərəzli siyasətinə son verməlidir - RƏY


Avropa Şurası Azərbaycana qarşı ikili standartlarına və qərəzli siyasətinə son verməlidir.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Avropa Şurası ilə münasibətlərə dair mühüm bəyanat verərək Azərbaycanın bu təşkilatın bütün strukturlarından çıxmaq imkanını istisna etmədiyini bildirdi:

"Dövlət başçısının açıqlaması Azərbaycan-Avropa Şurası münasibətlərində yaranmış vəziyyətin mahiyyəti barədə ciddi siqnaldır. İnsan hüquqlarının müdafiəsinə xidmət etməli olan Avropa Şurası bəzi dairələrin dar geosiyasi maraqları, qərəzli yanaşmaları və ayrı-seçkilik siyasəti nəticəsində ciddi institusional problemlərlə üzləşib. İnsan hüquqlarının universal müdafiəsinə xidmət etməli olan mexanizmlərin ayrı-ayrı dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi təşkilatın nüfuzunu və etibarını zədələyib".

Deputat qeyd edib ki, Avropa Şurası onilliklər ərzində bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobud şəkildə pozulmasına lazımi diqqət göstərməyib:

"Həmin dövrdə, Avropa Şurası Azərbaycanın qaldırdığı insan hüquqları məsələlərinin silahlı münaqişə kontekstində baş verdiyini və buna görə də beynəlxalq humanitar hüququn predmetinə aid olduğu əsas gətirir, Azərbaycanın davamlı təkidləri sayəsində bəzi qətnamə və qərarlar versə də, bu problemlə sistemli şəkildə məşğul olmurdu. Başqa sözlə, Ermənistanın işğalı dövründə azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlər böyük ölçüdə Avropa Şurasının insan hüquqları mexanizmlərinin diqqətindən kənarda saxlanılırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən dərhal sonra isə tamamilə fərqli yanaşmanın şahidi olduq. Avropa Şurası Parlament Assambleyasının mexanizmlərindən Azərbaycana siyasi təzyiq göstərmək məqsədilə istifadə edilməyə başlanıldı. İlk növbədə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi".

Q.Məmmədov xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi aktiv hərbi əməliyyatlar zamanı baş vermiş, mahiyyət etibarilə müharibənin aparılması qaydalarına və beynəlxalq humanitar hüquqa aid olan məsələyə (özü də xətalı şəkildə) baxaraq Azərbaycanın əleyhinə qərar qəbul etdi:

"Beləliklə, Avropa Şurasının iki mühüm institutu - AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi - insan hüquqlarının obyektiv müdafiəsi missiyasından uzaqlaşaraq bəzi dairələrin Azərbaycan əleyhinə siyasi oyunlarının alətinə çevrilmişdir. Belə şəraitdə Azərbaycanın, Avropa İnsan Hüquqları Konvensiyasının və özünün nizamnaməsinin mahiyyətinə zidd fəaliyyət göstərən Avropa Şurasından tamamilə çıxmaq məsələsini nəzərdən keçirməsi tam əsaslıdır. Çünki insan hüquqları məsələsini siyasiləşdirən və onu geosiyasi təzyiq vasitəsinə çevirən Azərbaycan deyil, Avropa Şurası daxilində fəaliyyət göstərən məlum dairələrdir. Azərbaycan hər zaman Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Şurasının Nizamnaməsinə hörmət və sadiqlik nümayiş etdirib. Azərbaycan məhz həmin fundamental sənədlərə əsaslanaraq Avropa Şurasından ciddi və əsaslı gözləntilərə malik olub".

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan təşkilata qəbul edilərkən və sonrakı fəaliyyət dövründə konstruktiv mövqe, əməkdaşlıq iradəsi və xoş niyyət nümayiş etdirib:

"Lakin tarixi təcrübə göstərdi ki, Azərbaycanın bu yanaşması bəzi siyasi dairələr tərəfindən lazımınca qiymətləndirilməyib. Ona görə də vəziyyətin düzəldilməsi üçün ilk addımların məhz Avropa Şurası tərəfindən atılmalı olduğuna dair Azərbaycan tərəfinin mövqeyi tam haqlıdır. Avropa Şurası yol verdiyi səhvləri dərindən təhlil etməli, ikili standartlarına, qərəzli siyasətinə son verməli, beynəlxalq hüquqa uyğun gəlməyən yanaşma və mexanizmlərinə, o cümlədən dövlətlərin suveren bərabərliyi prinsipinə uyğun gəlməyən monitorinq prosedurlarına yenidən baxmalıdır. Azərbaycan insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa və universal dəyərlərin dialoq yolu ilə təşviqinə inanır. Bu sahədə əməkdaşlıq mentorluq, siyasi diktə və dövlətlərin daxili işlərinə müdaxilə formasında həyata keçirilə bilməz. Əsl dialoq suverenliyə, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanmalıdır. İndi seçim Avropa Şurasınındır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər