"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb
Far.Az xəbər saytı

"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb


"Flydubai" aviaşirkəti Dubaydan Təl-Əvivə gedən təyyarənin göyərtəsindəki insidentin araşdırılması başa çatanadək İsrailə uçuşları dayandırıb.

Far.Az xəbər verir ki, bu barədə report İsrail mediasına istinadən məlumat yayıb.

Eyni zamanda İsrail aviaşirkətlərinin Dubaya reysləri bərpa edilib.

Bildirilib ki, İsrail hakimiyyəti baş verənləri mümkün terror aktı kimi nəzərdən keçirir.

İsrail rəsmiləri sərnişinlərin ən qısa zamanda ölkəyə qaytarılması üçün də tədbirlər görür. İsrailə qayıtdıqdan sonra sərnişinlər təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən əlavə yoxlamadan keçə bilərlər.

Dəqiqləşdirilmiş məlumata görə, pilotlardan biri Hindistan, digəri isə Oman əsillidir. Pilotlar əvvəlcə ehtimal edildiyi kimi Rusiya və Ukrayna vətəndaşları deyillər.

Hazırda ikinci pilotun hansı əsasla İsrailə reys həyata keçirmək üçün icazə aldığı aydınlaşdırılır. Xüsusilə, onun ikili vətəndaşlığa malik olması versiyası nəzərdən keçirilir. Bəzi mənbələr həmçinin omanlı pilotun "Flydubai"da bir ildən az müddətdir işlədiyini bildiriblər.

Səudiyyə Ərəbistanından daxil olan məlumatlara görə, hər iki pilot xəstəxanaya yerləşdirilib.

*** 11:56

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin "Boeing 737" təyyarəsi uçuş zamanı əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılma siqnalı olan 7500 kodunu göndərib.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra İsrail qırıcıları havaya qaldırılıb, Baş nazir Benyamin Netanyahu isə təcili müşavirə çağırıb.

Daha sonra məlum olub ki, təyyarədə iki pilot arasında dava düşüb. Hadisədən sonra ekipaj fövqəladə siqnal verib.

Təyyarə İsrailə enməyərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə istiqamət alıb və orada eniş edib. İsrail mediasının məlumatına görə, pilotlardan biri rus, digəri isə ukraynalıdır.

Təyyarədə təxminən 180 sərnişinin olduğu bildirilir.

***11:04

Qaçırıldığı bildirilən sərnişin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

Far.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

***10:55

Dubaydan İsrailə uçan "Flydubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı 7500 kodlu siqnal verib.

Far.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Aviasiyada 7500 kodu təyyarənin qaçırılması və ya təyyarəyə qanunsuz müdaxilə edilməsi barədə siqnal kimi qəbul olunur.

Hadisənin təfərrüatları, siqnalın hansı səbəbdən verildiyi və təyyarədə sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.

Oxşar xəbərlər

17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər