Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir"
Far.Az xəbər saytı

Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir"


"Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Günel Ələsgərova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq şəhərlərdə ağıllı sistemlərin həm interyer, həm də eksteryerdə geniş şəkildə tətbiq olunduğunu görmək olar: "Məsələn, yeni materiallardan istifadə olunur ki, onlar yağış sularını özünə hopduraraq sonradan emal prosesinə dəstək verir. Eyni zamanda, parklarda quraşdırılan bəzi sistemlər suyun soyudulmasını təmin edir və ya insan hərəkəti vasitəsilə enerji istehsalına imkan yaradır. İnsanlar öz hərəkətləri hesabına telefonlarını və digər mobil cihazlarını enerji ilə təmin edə bilirlər. Bundan əlavə, günəş panelləri vasitəsilə işıqforların işləməsi, kanalizasiya sistemlərində suyun təkrar emalı kimi həllər şəhər infrastrukturunun modernləşdirilməsinin bir hissəsinə çevrilib. Bu cür texnologiyalar insanların rahatlığı və şəhər mühitinin daha funksional olması üçün nəzərdə tutulur".

"İnteryer sahəsində isə ağıllı ev sistemlərinin şəhər infrastrukturu ilə inteqrasiya olunmuş formada tətbiqini görürük. İnternet üzərindən idarə olunan bu sistemlər həm rahatlığı artırır, həm də təhlükəsizliyi təmin edir. Bu texnologiyalar vasitəsilə yanğın, daşqın və digər risklərin qarşısını əvvəlcədən almaq mümkün olur. Eyni zamanda, ucqar ərazilərdə yarana biləcək problemlərin vaxtında aşkarlanması və idarə edilməsi də "ağıllı sistem"lərin əsas üstünlüklərindəndir. Çünki onların əsas məqsədi problemi əvvəlcədən müəyyənləşdirərək onun qarşısını vaxtında almaqdır", - deyə G.Ələsgərova qeyd edib.

Onun sözlərinə görə, digər mühüm məsələ isə eko-materialların tətbiqidir: "Müasir interyerlərdə artıq insan sağlamlığına daha uyğun, təbii və ekoloji materiallardan istifadəyə üstünlük verilir. Bu yanaşma insanların daha rahat və sağlam mühitdə yaşamasına şərait yaradır.

Şəhərsalma layihələrində də bu tendensiya açıq şəkildə müşahidə olunur. Məsələn, Bayıl ərazisində həyata keçirilən bəzi layihələrdə həm vertikal, həm də horizontal yaşıllaşdırılmış binalar inşa edilir. Eyni zamanda, yeni rezidensiyalarda dayanacaqlar, parklar və piyadalar üçün gəzinti zonaları nəzərdə tutulur. Bu isə özəl sektorun şəhərin inkişafına və infrastrukturun gücləndirilməsinə mühüm təsir etdiyini nümayiş etdirir. Belə layihələr gələcəkdə şəhərə giriş-çıxışın avtomobil yolları və dayanacaqlarla daha səmərəli əlaqələndirilməsinə imkan yaradır. Nəticədə insanlar daha rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı mühitdə yaşamaq imkanı əldə edirlər".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər