Kürşad Zorlu: Türk Dünyasının vahid Turizm Kartının tətbiqi məsələsi gündəmdədir
Far.Az xəbər saytı

Kürşad Zorlu: Türk Dünyasının vahid Turizm Kartının tətbiqi məsələsi gündəmdədir


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv bütün ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərinin şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilməsinin mümkün olacağına ümid edir.

"Far.Az"un Türkiyə bürosunun məlumatına görə, o, bu fikirləri Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan olunması münasibətilə keçirilən Texniki Dəstək Proqramı çərçivəsində layihələrə dəstək göstərilməsinə dair protokolların imzalanması mərasimində səsləndirib.

Kürşad Zorlu qeyd edib ki, hazırda Novruz bayramının Türkiyədə rəsmi bayram elan olunması istiqamətində işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, Türk Dünyasının vahid Turizm Kartının tətbiqi məsələsi də müzakirə edilir.

"Bildiyiniz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər. Bunun bütün Türk dövlətlərində tətbiqinin mümkün olacağına inanırıq", – deyə o bildirib.

Rəsminin sözlərinə görə, hər il təxminən 1 milyon Türkiyə vətəndaşı qardaş Türk dövlətlərinə səfər edir, TDT-yə üzv ölkələrdən isə 3,5 milyondan çox vətəndaş Türkiyəyə gəlir.

"Lakin bu göstəricilər kifayət deyil. Qarşılıqlı dialoqun, xüsusilə də qeyri-hökumət təşkilatları səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni stimul yaradılmalıdır", – deyə Kürşad Zorlu vurğulayıb.

O əlavə edib ki, Türk dünyasında nəqliyyat-logistika layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, mərasim Ankara İnkişaf Agentliyində keçirilib. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatları, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və ekspertlər iştirak ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər