İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ


Çexiya və Azərbaycan Mərkəzi Avropa ilə Qafqaz arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirərək, tərəfdaşlığı ardıcıl olaraq genişləndirirlər. Avropa ilə Asiya arasında əsas nəqliyyat marşrutlarından birinə çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) əhəmiyyəti artır. Bunun fonunda innovativ logistika, dayanıqlı şəhər mobilliyi və nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan razılaşmaların praktiki icrası xüsusi aktuallıq kəsb edir. Çexiyanın inteqrasiya olunmuş nəqliyyat həlləri, dəmir yolu infrastrukturunun inkişafı və ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində zəngin təcrübəsi Azərbaycanın nəqliyyat sektorunun modernləşdirilməsi və Avrasiya tranzit əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açır.

Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik (Ivan Bednárik) Azərbaycana səfəri ərəfəsində "Report"a müsahibəsində Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı, "ČD Cargo" şirkətinin iştirakı ilə birgə logistika operatorunun yaradılmasının açacağı perspektivlər, eləcə də Çexiyanın "ağıllı nəqliyyat" və "yaşıl enerji"texnologiyalarının Azərbaycanın şəhərlərində və dəmir yollarında necə tətbiq olunacağı barədə danışıb.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Cənab nazir, Çexiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini bütövlükdə necə qiymətləndirirsiniz?

- Azərbaycan Çexiyanın regiondakı mühüm tərəfdaşdır. Bu, Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüm zamanı da öz təsdiqini tapdı. Məhz orada biz nəqliyyat, müasir mobillik və Avropa ilə Asiya arasında strateji qarşılıqlı əlaqəni əhatə edən Əməkdaşlıq Memorandumu imzaladıq.

Nəqliyyat ikitərəfli əməkdaşlığımızın əsas istiqamətlərindən biridir, xüsusilə də Avropa ilə Asiya arasında mühüm yük dəhlizlərindən birinə çevrilməkdə olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun artan əhəmiyyəti nəzərə alınaraq.

Buna görə də biz logistik əlaqələri möhkəmləndirməyə və Çexiya biznesi üçün yeni imkanlar yaratmağa can atırıq. Dəmir yolu nəqliyyatı və şəhər mobilliyi ilə yanaşı, aviasiya və innovativ nəqliyyat texnologiyaları sahəsində də əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

- Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti şəhər mobilliyinin təşkili sahəsində ROPID və "Operator ICT"in təcrübəsini öyrənmək məqsədilə Praqaya səfər edib. Sizcə, Bakıda və Azərbaycanın digər şəhərlərində hansı Çexiya həllərinə daha çox tələbat ola bilər?

- Azərbaycan nümayəndə heyətinin inteqrasiya olunmuş ictimai nəqliyyat, rəqəmsal sərnişin xidmətləri və şəhər mobilliyinin idarə olunması üzrə müasir alətlər sahəsində Çexiyanın təcrübəsinə göstərdiyi maraq məni çox sevindirir.

Çexiya müxtəlif nəqliyyat növlərinin və elektron gediş haqqı ödəniş sistemlərinin inteqrasiyasından tutmuş, müasir bilet həlləri, nəqliyyatın planlaşdırılması və idarə edilməsində məlumatların istifadəsinə qədər geniş spektrli həllər təklif edə bilər.

Azərbaycanlı həmkarım, nazir Rəşad Nəbiyevlə imzaladığım Əməkdaşlıq Memorandumu məhz bu istiqamətləri əhatə edir.

Çexiyanın nəqliyyat sənayesi həmçinin həm dəmir yolu nəqliyyatında, həm də avtobus daşımalarında şəhər və şəhərətrafı mobillik üçün müasir, dayanıqlı və kompleks həllər təklif edir. B2B əməkdaşlığı sayəsində Çexiya şirkətləri kompleks şəhər nəqliyyat ekosistemlərinin inkişafında, eləcə də müasir nəqliyyat vasitələrinin, texnologiyaların və sistemlərin tətbiqində təcrübə və "know-how"larını bölüşməyə hazırdırlar.

Məhz buna görə mən işgüzar nümayəndə heyəti ilə birgə Bakıya gedəcəyəm. Oktyabrın 12-13-də biz Çexiya və Azərbaycan şirkətlərini bir araya gətirəcək biznes-forum keçirəcəyik. Əminəm ki, bu təşəbbüs ölkələrimiz arasında müasir şəhər mobilliyi sahəsində əməkdaşlığa əlavə təkan verəcək.

- Çexiyanın metro, tramvay və dəmir yolu nəqliyyatının inteqrasiyası modeli Avropada ən inkişaf etmiş modellərdən biri hesab olunur. Çexiya Azərbaycanla yalnız texnologiyaları deyil, həm də, vahid tarif sisteminin yaradılması, dispetçerləşdirmə və monitorinq üzrə metodoloji təcrübəni bölüşməyə hazırdırmı?

- Çexiya Azərbaycanla təkcə müasir nəqliyyat texnologiyalarının tətbiqi təcrübəsini deyil, həm də inteqrasiya olunmuş ictimai nəqliyyat sistemlərinin istismarı prosesində topladığı "know-how"nu bölüşməyə hazırdır.

Əməkdaşlıq inteqrasiya olunmuş bilet və tarif sistemləri, yol hərəkətinin idarə edilməsi və dispetçer xidməti, sərnişinlərin real vaxt rejimində məlumatlandırılması, həmçinin daşımaların təhlükəsizliyi, etibarlılığı və səmərəliliyini artıran nəqliyyat monitorinqi alətləri kimi istiqamətləri əhatə edə bilər.

"Czech Smart Mobility Ecosystem" vasitəsilə Çexiya şirkətləri, elmi-tədqiqat təşkilatları və texniki universitetləri Azərbaycanın konkret ehtiyaclarını və yerli şəraitini nəzərə alaraq ekspert dəstəyi göstərə bilərlər.

Qarşıdan gələn missiya həmçinin müvafiq tərəfdaşları bir araya gətirməyə və Azərbaycanın dövlət qurumları və nəqliyyat operatorları ilə birgə gələcək əməkdaşlıq üçün konkret istiqamətləri və pilot layihələri müəyyənləşdirməyə kömək edə bilər.

- Çexiya Orta Dəhlizin inkişafını dəstəkləyir. Hamburq da daxil olmaqla Avropa hablarını Bakı Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirəcək vahid rəqəmsal nəqliyyat-logistika məkanının yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?

- Biz uzun müddətdir ki, Hamburq da daxil olmaqla Qərbi Avropa limanları ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafını dəstəkləyirik. Lakin yük axınlarının gələcək artımı üçün ilk növbədə mövcud infrastrukturdan səmərəli istifadə etmək və onun buraxılış qabiliyyətini ardıcıl olaraq artırmaq vacibdir.

Söhbət mövcud problemlərin aradan qaldırılması, prosedurların optimallaşdırılması, konteyner və multimodal terminalların kifayət qədər ötürücülük qabiliyyətinin təmin edilməsi, eləcə də nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsindən gedir.

Çexiya həmçinin Avropa İttifaqı çərçivəsində dəmir yolu ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını fəal şəkildə dəstəkləyir. Beynəlxalq dəhlizlərdə vahid rəqəmsal və qarşılıqlı fəaliyyət göstərən nəqliyyat-logistika mühitinin yaradılması mürəkkəb və uzunmüddətli bir məsələdir.

Bununla belə, Çexiya və Azərbaycanın sıx əməkdaşlığı davam etdirməsini, təcrübə mübadiləsi aparmasını və bu sahədə əlaqələndirməni təkmilləşdirməsini son dərəcə vacib hesab edirəm. Bu, Avropa və Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri yaratmağa imkan verəcək.

- Azərbaycan bərpa olunan enerjini fəal şəkildə inkişaf etdirir və elektrik enerjisinin Avropaya ixracı imkanlarını nəzərdən keçirir. Dəmir yollarının elektrikləşdirilməsi, hidrogen nəqliyyatı və digər ekoloji təmiz nəqliyyat texnologiyaları sahəsində Çexiya ilə əməkdaşlıq üçün hansı potensialı görürsünüz?

- Burada "yaşıl enerji" və dayanıqlı nəqliyyat sahəsində əməkdaşlıq üçün həqiqətən də geniş imkanlar açılır. Son illərdə Azərbaycan həm energetika sektoruna, həm də nəqliyyat infrastrukturuna fəal şəkildə sərmayə yatırır, Çexiya isə dəmir yolu sahəsində çoxillik təcrübəyə və güclü ekspertizaya malikdir.

Çexiya şirkətləri dəmir yollarının elektrikləşdirilməsi, hərəkət vasitələrinin istehsalı, hərəkətin idarə edilməsi sistemləri və dəmir yolu nəqliyyatı üçün digər qabaqcıl texnologiyalar sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Məhz bu istiqamətlərdə biz əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar görürük.

Sıfır emissiyalı texnologiyaları, o cümlədən hidrogen yanacaq elementləri ilə işləyən nəqliyyatı, eləcə də dayanıqlı şəhər mobilliyi üçün həlləri - müasir qatarları, metro sistemlərini və elektrobusları xüsusilə qeyd etmək lazımdır. Bu texnologiyalar Avropada sürətlə inkişaf edir və gələcəkdə tam elektrikləşdirilmənin iqtisadi və ya texniki cəhətdən məqsədəuyğun olmadığı yerlərdə elektrikləşdirilmiş dəmir yollarını tamamlaya bilər.

Əminəm ki, bu sahələrdə Çexiya və Azərbaycan şirkətlərinin əməkdaşlığı nəqliyyat sistemlərinin modernləşdirilməsinə töhfə verə və hər iki ölkənin iqlim hədəflərini dəstəkləyə bilər.

- Çexiyanın dəmir yolu operatorları, o cümlədən "ČD Cargo", beynəlxalq marşrutlarda fəal işləyirlər. Çin-Avropa marşrutu üzrə vahid tariflərin formalaşdırılması və tranzit prosedurlarının sadələşdirilməsi üçün Azərbaycanla birgə logistik operatorun yaradılması imkanı müzakirə olunurmu?

- Biz xüsusilə TBNM çərçivəsində dəmir yolu yükdaşımaları və logistika sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq üçün yaxşı perspektivlər görürük.

Bu istiqamətlər Çexiya və Azərbaycanın nəqliyyat nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumunda öz əksini tapıb. Mən həmçinin oktyabrın 11–13-də Azərbaycana gözlənilən işgüzar səfərim zamanı bu məsələləri müzakirə etməyi planlaşdırıram.

Çexiyanın dəmir yolu operatorları, o cümlədən "ČD Cargo", eləcə də sahə və logistika assosiasiyaları beynəlxalq yükdaşımalar sahəsində böyük təcrübəyə malikdirlər və kompleks logistika xidmətlərinin inkişafına töhfə verə bilərlər. "ČD Cargo" təkcə Çexiyada deyil, həm də Slovakiya, Macarıstan, Polşa, Avstriya və Almaniyada fəaliyyət göstərir.

Biz azərbaycanlı tərəfdaşlarla "qapıdan-qapıya" prinsipi üzrə rəqabətədavamlı vahid tariflər təklif edə, multimodal daşımaları əlaqələndirə və tranzit prosedurlarının sadələşdirilməsinə kömək edə biləcək birgə logistika operatorunun yaradılması imkanını müzakirə etməyə açıqıq.

Bakıya səfərim zamanı "ČD Cargo"nun baş direktoru da mənə qoşulacaq. Əminəm ki, bu, gələcək layihələrin əsaslı müzakirəsi üçün yaxşı fürsət olacaq. Oktyabrın 12-də Bakıda keçiriləcək Çexiya-Azərbaycan biznes-forumu da ilk B2B danışıqları üçün platforma ola bilər.

Bununla yanaşı, bu cür təşəbbüs şirkətlərin real kommersiya maraqlarına və dəmir yolu operatorları, terminallar, gömrük orqanları və logistika provayderləri arasında sıx koordinasiyaya əsaslanmalıdır.

Nəqliyyat Nazirliyi potensial tərəfdaşlar arasında əlaqələrin qurulmasına kömək etməyə və bütün iştirakçılar üçün sərfəli olacaq praktik həlləri dəstəkləməyə hazırdır.

- Gələn həftə Bakıya səfəriniz zamanı azərbaycanlı tərəfdaşlarla hansı məsələləri və layihələri müzakirə etməyi planlaşdırırsınız?

- Mən Bakıya işgüzar və elmi nümayəndə heyətinin müşayiəti ilə səfər edəcəyəm. Əminəm ki, qarşıdan gələn görüşlər və danışıqlar bizə nəinki əldə olunmuş razılaşmaları möhkəmləndirməyə, həm də Çexiya və Azərbaycan arasında praktik əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər