44 günlük müharibənin iştirakçısı: Döyüşdə qazandığımız dostluğu heç vaxt unuda bilmərik - MÜSAHİBƏ
Kənardan baxanda müharibənin tarixlərdən, xəritələrdən, döyüş əməliyyatlarından, qələbələrdən ibarət olduğu görünür. Amma səngərin içindəki insan ölümü yanında hiss edir, bir neçə dəqiqə əvvəl söhbət etdiyi dostunun və ya özünün hər an şəhid ola biləcəyini bilir. Orada sabahın olub-olmayacağı bəlli deyil. Bəzən müharibənin bütün ağırlığını bircə cümlə ifadə edir: "Gecə yanındadır, səhər yoxdur..."
44 günlük Vətən müharibəsi iştirakçısı Əli Əhmədli savaşın onun yaddaşında necə qaldığını məhz bu cümlə ilə ifadə edib.
Əli Əhmədli "Far.Az"a müsahibəsində müharibəyə necə getdiyindən, ilk döyüşdən, ölümün ən yaxın məsafədə necə göründüyündən, şəhid olan döyüş yoldaşlarından və müharibənin insanda buraxdığı izlərdən danışıb.
- Əli bəy, 44 günlük müharibə başlayanda qarşıda sizi nələrin gözlədiyini bilmirdiniz. Gəlin, həmin günlərə qayıdaq. Necə oldu ki, müharibədə iştirak etmək qərarına gəldiniz və müharibənin ilk gününü necə xatırlayırsınız?
- Mən Azərbaycan Texniki Universitetini bitirmişəm, yol hərəkətinin təşkili ixtisası üzrə magistraturaya qəbul olmuşdum. Hərbi xidmətə gedib qayıdandan sonra magistraturamı davam etdirdim və bitirdim. Mənim 2016-cı ildə həqiqi hərbi xidmətim Aprel döyüşlərinə təsadüf edib. Artilleriyaçı olmuşam və 44 günlük müharibədə də həmin döyüş biliklərim mənə çox kömək etdi. Magistraturanı başa vurduqdan iki il sonra müharibəyə könüllü qoşuldum. O vaxt 27 yaşım var idi və nişanlı idim. Bu dəfə müharibədə artilleriyaçı kimi yox, piyada kimi iştirak edirdim. Özüm bunu seçdim. Çünki mənim üçün daha maraqlı idi.
- Universiteti və magistraturanı bitirmiş, karyerasını qurmaq üçün imkanları olan bir gənc idiniz. Üstəlik, nişanlı olmusunuz. Yəni qarşıda sizi başqa bir həyat gözləyirdi. Bütün bunların fonunda sizi könüllü şəkildə müharibəyə getməyə sövq edən nə idi?
- Polad Həşimovun şəhid olması. Generalın şəhid olması hər bir azərbaycanlı kimi, məni də çox narahat edirdi. Bu hadisə mənə çox pis təsir etmişdi. Prezident İlham Əliyevin çağırışından sonra dostlarımızla birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həm elektron, həm də yazılı şəkildə müraciət edərək könüllü Qarabağ döyüşlərində iştirak etmək istədiyimizi bildirmişdik.
Qarabağ mənim üçün həqiqətən çox yaralı yer idi. Bunu hansısa pafos xatirinə, özümü vətənpərvər göstərmək üçün demirəm. Uşaqlığımdan Qarabağ mənim arzularım olub. Hətta müharibədən çox əvvəl bir dəfə status paylaşmışdım ki, mən tez-tez yuxuda kirilcə "Şuşa" yazısını görürəm. Mənim üçün Şuşa arzulanan bir yer idi və həmişə istəyirdim ki, orada olum.
Bunun fonunda olan bütün hadisələr, hər şey kölgədə qalırdı. Əslində, Qarabağla heç bir bioloji əlaqəm yoxdur. Özüm Göyçaydanam. Amma əmim Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Mən Qarabağı uşaqlığımdan hiss etmişəm. Qarabağın azadlığı üçün hər şeyə, hətta canımdan keçməyə də tam səmimiyyətlə hazır idim. Allaha çox şükür olsun ki, bizə burada bir pay nəsib oldu və biz döyüşə bildik.
- Bəs müharibənin ilk gününü necə xatırlayırsınız? Sentyabrın 27-də cəbhəyə yola düşəndə nə baş verdiyini tam anlayırdınızmı, yoxsa hadisələrin miqyası ora çatanda daha aydın oldu?
- 27 sentyabrda səhər Bakıdan Füzuli istiqamətinə yola düşdük. Füzuliyə çatanda döyüşlər başlamışdı, yaralılarımız, şəhidlərimiz vardı. İnsanlar bizi yolda qarşılayırdılar. Bizə yemək, içmək, su verməyə, əllərindən gələn hər cür köməyi göstərməyə çalışırdılar.
Biz 27 sentyabrda Füzulinin Horadiz qəsəbəsində cəmləndik, silahlarımızı təhvil aldıq və döyüş növbəmizi gözləməyə başladıq. Həmin gün axşam bizim olduğumuz məntəqəni vurdular. Bu, mənim üçün ilk hadisə idi. Aprel döyüşlərində olsam da, belə bir şey görməmişdim. Burada mərmi düz yanımızda partladı. Müharibənin necə acı olduğunu mən orada başa düşdüm. Artıq üç şəhidimiz var idi – təkcə bizim bölmənin. Sentyabrın 30-da isə ilk ağır döyüşlərə girdik. Seyid Əhmədli ərazisində, o məşhur bunker istiqamətində hücuma keçdik.
Mənim üçün ilk ağır döyüş səhnəsi orada idi. Biz maşınlardan düşdük. Qarşımızda kinolarda, oyunlarda gördüyümüz müharibə şəraiti vardı. Tabor komandiri özü yaralı halda bizi qabağa səsləyirdi.
O həyəcanla, o streslə getdiyin yerdə yanında tank partlayır, yaralı var, kömək edirsən...
Tabor komandirinin bir nəfərlə söhbət etdiyini gördüm. Həmin oğlan Sumqayıtdan olan xüsusi təyinatlı, sonradan şəhid olan Nadir idi. Döyüş yoldaşları yaralanmışdı, özü tək qalmışdı. Biz onunla söhbət etdik. Dedi ki, öndə erməni postu var.
Tabor komandiri getdi, müşahidə etdi və qayıdıb soruşdu: "Kim mənimlə gələr? Bir postu almalıyıq". Dedim: "Komandir, mən sizdən başqa heç kimi tanımıram, mən sizinlə gedirəm". Mənim köməkçi əsgərim Fəqan da "Mən də Əlidən başqa heç kimi tanımıram" dedi. Beləcə, mən, tabor komandiri, rabitəçi və Fəqan bir yerdə həmin postu almağa getdik. Gördük ki, artilleriya hücumu çox şiddətlidir. Həm avtomat, həm də artilleriya atışı həddən artıq çox idi. Bir az gözləməyə məcbur olduq.
Tabor komandiri birdən dedi: "Çıxın, arxın kənarında bir az gözləyin, ard-arda uzanın". Biz bir-birimizin ardınca uzandıq. Qabaqda rabitəçi, sonra Fəqan və mən, tabor komandiri də bizdən təxminən bir metr yarım məsafədə uzandı.
Birdən mənə dedi: "Əsgər, nişan al". Nişan aldım. Gördüm ki, post uzaqda deyil, hətta düşmənin səslərini eşidirdim. Dedi: "Əsgər, biz o postu almalıyıq". Dedim: "Komandir, dörd nəfərlə o postu almaq?" Dedi: "Əmr belədir".
Bunu dedi və birdən artilleriya mərmisi düz aramıza düşdü. Həmin anda hər şey dayandı, həyat mənim üçün sanki söndü... (bir an susur)
Uzaqdan bir səs eşitdim: "Əsgər, əsgər, yaxşısan?" Gördüm ki, yaxşıyam. Dedim: "Komandir, mən yaxşıyam". Sonra Fəqanı soruşdu: "Fəqan, necəsən?" O da yaxşı olduğunu dedi. Mən qışqırdım, rabitəçini soruşdum, onun da yaxşı olduğunu dedilər.
Komandir isə "Mən yaxşı deyiləm" deyə yavaş səslə bildirdi. Yaxınlaşdıq, gördük ki, qəlpələr komandirin bel nahiyəsinə girib. Vəziyyəti çox ağır idi. Komandirə sarğı qoyduq, yavaş-yavaş onu arxaya göndərdik. Biz özümüz isə axşama, qaranlıq çökənə qədər orada dayandıq. Sonra yavaş-yavaş təhlükəsiz yerə çəkildik.
Proses də belə davam edirdi: üç-dörd gün döyüşürsən, istirahət edirsən, sonra yenidən döyüşürsən. Bu, noyabrın 10-na qədər davam etdi.
- Ən ağır döyüşlərin bir qisminin Füzulidə getdiyini deyirlər. Sizin üçün Füzulidəki döyüşləri ağırlaşdıran əsas amil nə idi?
- Bir artilleriyaçı kimi deyim ki, ermənilər Füzulidə 30 il ərzində öz mövqelərini möhkəmlətmişdilər və bütün ərazini bizdən çox yaxşı tanıyırdılar. Hamısı onların səngərləri, mövqeləri idi. Artilleriyada müəyyən mövqelər müəyyənləşdirirsən. Məsələn, bu ağacın sağını, solunu, arxasını rahat vura bilərsən. Bu imkanların hamısı onların əlində idi. Onlar Füzulidə çox yaxşı mövqelənmişdilər. Hətta Seyid Əhmədli bunkerini almaq qeyri-mümkün görünürdü. Sonradan internetdə də göstərdilər ki, çox dərinliklərdə oturub döyüşürdülər. Oranı ancaq can bahasına, qan bahasına almaq olardı. Ona görə Füzulidəki döyüşləri ən ağır döyüşlər hesab edirəm.
- Müharibənin ən ağır tərəflərindən biri də ailənlə əlaqənin çətin olmasıdır. Ailənizlə necə əlaqə saxlayırdınız?
- Bakıdan gedəndə telefonumu təhvil vermişdim. Müharibə vaxtı mənim ən böyük problemim telefonla danışa bilməməyim idi. Düzdür, arada kimdənsə telefon tapıb danışırdım. Amma müharibənin başlanması barədə evlə danışa bilməmişdim. Bir də oktyabrın əvvəllərində danışa bildim. O vaxta qədər "sağ-salamatam" deyə bilməmişdim.
- Bəs döyüş yoldaşlarınızı necə xatırlayırsınız? Birlikdə ölüm təhlükəsi yaşayan insanların bir-birinə münasibəti müharibədən sonra necə dəyişir?
- Mənim dostlarım həddindən artıq çoxdur. Çox yaxın münasibətdə olduğum dostlarım var. Elə dostlarım var ki, üç yaşımızdan, bağçadan bir yerdəyik. Ailələrimiz də bizi bir-birimizdən ayırmayıb. Amma müharibə dostluğu ən ağır günlərin dostluğudur və tam fərqlidir. Bunu hisslə və ya hansısa bir sözlə tam başa salmaq olmur. Elə bir anın olur ki, onlardan başqa heç kimə inanmırsan, heç kimi düşünmürsən ki, başqa kimsə sənə kömək edə bilər. Müharibə bütün pərdələrin qalxdığı yerdir. Orada nə ikiüzlülük var, nə riyakarlıq. Bu gün varsan, sabah yoxsan. Orada ən təmiz hissləri yaşayırsan. Ona görə də biz o dostluğu heç vaxt unuda bilmərik. Düşünürəm ki, bəlkə də bizim bu dostluğumuz, yaxınlığımız bizdən sonrakı uşaqlarımıza da təsir edəcək.
- Bəs müharibədən sonra əlaqələrinizin itdiyi dostlarınız olub?
- Biz ümumiyyətlə bir-birimizlə əlaqəni heç vaxt itirməmişik. Hər il sentyabrın 21-i bizim görüş günümüzdür. Bu il artıq altıncı dəfədir görüşdük. Həm döyüş yoldaşlarımızla, həm də şəhid yoldaşlarımızın ailələri ilə münasibətlərimiz, əlaqələrimiz var. Mən toyuma da onları dəvət etmişdim, iştirak ediblər. Onların toylarında, öz şad günlərində də biz canla-başla yanlarında oluruq. Bu dostluğu unutmaq heç xəyalımızdan da keçmir.
- Bu dostluğun içində itirdiyiniz insanların xatirəsi də var. Şəhid olan döyüş yoldaşlarınızı necə xatırlayırsınız?
- Belə hadisələr çoxdur. Məsələn, şəhid Nəcəfov Əli ilə biz bir gün əvvəl növbəyə çıxmışdıq. Bir yerdə dayanmışdıq, növbə ilə oyaq qalırdıq. Bir dəfə o, bir dəfə mən, bir dəfə Cavidan. Gecə o üşüyürdü. Mən Cavidanla birlikdə onu aramızda yatızdırdım. Amma səhər çox ağır döyüş başladı və Nəcəfov Əli şəhid oldu. Bu, mənə çox təsir etmişdi (kövrəlir). Gecə yanındadır, səhər yoxdur.
Dmitri Sonsev (Dima), Kənan, mən, Cavidan, Elsevər və Yunis daim bir yerdə olurduq. Münasibətimiz çox yaxşı idi. Mən Dmitri ilə çox söhbət edirdim. O, istisnasız olaraq hər gün posta çıxırdı. Çox qeyri-adi xüsusiyyəti vardı. Deyirdim: "Dima, necə düşünürsən buranı? Sən russan, niyə gəlmisən bura?". O azərbaycanca çox yaxşı danışırdı və bakılı idi. Deyirdi: "Bakı rusunu görməmisiniz? Burada nə qeyri-adilik var? Mənim ulu babalarım rusdurlar. Onlar Bakıda olublar, Bakıda böyüyüblər. Mən də Bakıda böyümüşəm, Bakı üçün yaşamışam və Qarabağ da mənim üçündür".
Bacısı ilə tez-tez danışırdı. Hər fürsətdə deyirdi ki, "Sizi bir gün buralara gətirəcəyəm".
Dima ilə xatirələrimiz çoxdur (sanki həmin xatirələr gözündə canlanır və gülümsəyir). O, şəhid olmazdan bir gün əvvəl Kənanla mühasirəyə düşmüşdü. Mühasirədən sağ-salamat çıxmışdı. Onun son halını görmək də elə mənə qismət oldu.
Oktyabrın 21-də cəmləşirdik ki, sayımızı bilək, şəhidlərin, sağ qalanların, yaralananların sayını müəyyənləşdirək. Birdən ermənilər artilleriya hücumuna başladılar. Biz yarımtikilidə, hasarın dibində daldalanmışdıq. Birdən xəbər gəldi ki, onların piyadaları da hücuma başlayıb. Hasarın dibinə mərmi düşdü. Mən sağ mövqedə idim, onlar solda. Birdən Kənan qaça-qaça gəldi: "Dədə, Dimitri şəhid oldu". Dedim: "Sən nə danışırsan? Otur bir". Baxdım ki, özü başından böyük yara alıb. Onu otuzdurub hansı həyəcanla sarğı qoyduğumu özüm də bilmirəm. Binti qoydum, fırlatdım, kaskanı başına sıxdım. Dedim: "Gözlə, gedim Dimaya baxım". Gedib gördüm ki, Dimitri həqiqətən şəhid olub.
Kənan bu gün sağdır. Bir az nitq problemi var, amma şükür Allaha, ailəsi ilədir, yaşayır. Amma o anda Kənanın başını sarmağım heç vaxt yadımdan çıxmayacaq. Dima isə şəhid olsa da, iki döyüş yoldaşını xilas etmişdi. Qəlpələr ona dəymişdi, onun sayəsində İmran və Kənan sağ qalmışdı.
- Müharibədən sonra döyüş yoldaşlarınızın ailələri ilə münasibətiniz necə davam etdi?
- Mən müharibədə olanda bir fikir ağlıma gəlmişdi. Düşünürdüm ki, əgər sağ qalsam, döyüş yoldaşlarımın adına ağac əkərəm.
Müharibədən sağ qayıtdım və ilk gördüyüm işlərdən biri də bu oldu. Səkkiz şəhid döyüş yoldaşımın adına səkkiz ağac əkdim. Sonra həmin ağacların meyvələrindən ailələrinə də pay apardım. Hələ də o ağaclar mənim üçün toxunulmazdır, çox dəyərlidir. Onlarla xüsusi məşğul oluram – dərmanlanması, sulanması, qulluq edilməsi və s. Ağaclar artıq böyüyüblər. Döyüş yoldaşlarımın ailələri də tez-tez soruşurlar, maraqlanırlar. Kaş hər kəs bu şeyi edərdi. Hərə öz döyüş yoldaşının adına bir ağac əkərdi. Biz olmayacağıq, amma ağaclar qalacaq. Onların adları qalacaq.
- Müharibə bitəndən sonra döyüşdüyünüz ərazilərə getmisinizmi? Altı il sonra həmin yerlərə baxanda gözünüzün önünə ilk nə gəlir, nələr hiss edirsiniz?
- Təxminən iki il əvvəl dostlarımızla öz döyüşdüyümüz ərazilərə getdik. Orada keçirdiyim hissi həyatımda heç vaxt keçirməmişəm. Mən çox soyuqqanlı adamam. Amma orada mənə döyüşün eyni həyəcanı, eyni hissi gəldi.
Biz Füzulinin Gecəgözlü kəndində bir döyüşçü bölməsi ilə uzun döyüş keçirmişdik. Sonra Gecəgözlüyə getdik. Orada yeni köçən kənd sakinləri vardı. İlk dəfə bizi görəndə elə bildilər ki, kiminsə nəvəsiyik.
Dedilər: "Siz kimlərdənsiniz? Bura necə gəlmisiniz?"
Dedik ki, "Biz burada döyüşmüşük".
Bizə süfrə açdılar. Çay, yemək hazırladılar. Bizi çox maraq və həyəcanla qarşıladılar. Bu, əlbəttə, bizim üçün çox böyük fəxr hissi idi. Hər il dostlarımla görüşəndə də həmin hisslər təkrarlanır. Baxırsan ki, hamısı eyni həyəcanla danışırlar. Eyni hadisəni eyni hisslərlə xatırlayırlar. Məncə, bu hiss heç vaxt köhnəlməyəcək.
- Müharibə insanın həyatını iki yerə bölür: müharibədən əvvəl və müharibədən sonra. Müharibədən əvvəlki Əli ilə müharibədən sonrakı Əli arasında ən böyük fərq nə oldu? Həyata, insanlara və özünüzə baxışınız dəyişdimi?
- Böyük fərq odur ki, artıq özünü qalib xalqın nümayəndəsi kimi hiss edirsən. Mən öz məktəbimdə də tədbirə dəvət almışdım. Düşünürsən ki, biz bu partaların arxasında oturanda Qarabağ işğal altında idi və biz işğal tarixlərini əzbərləyirdik. İndi isə şagirdlər azad olunma tarixlərini əzbərləyir və bayram qeyd edirlər. Bunun özü hər şeyə dəyər.
- Müharibə insanı hər an ölümün bir addımlığında saxlayır. Sizin də elə bir anınız olubmu ki, sonradan geriyə baxanda həyatınızın çox kiçik bir qərardan, bir dəyişiklikdən asılı olduğunu düşünmüsünüz?
- Bəli, belə bir hadisə olub. Oktyabrın 20-də biz taborun önündə gedən səkkiz nəfər idik. Birinci biz irəliləyirdik. Bizə dedilər ki, sağda mövqe var, orada mövqelənn və bizə təhlükəsiz zona açın, biz də gəlib orada yerləşəcəyik. Biz qaçıb həmin yerə çatdıq. Elə yenicə oturmuşduq ki, xəbər gəldi: "Səhv yerə getmisiniz, geri qayıdın". Biz də deyinə-deyinə geri qayıtdıq. Komandir dedi: "Haqqınızı halal edin, mənlik olmadı. Qərar belə idi". Gəlib bölüyün ən axırında yerləşdik. Halbuki az əvvəl bölüyün önündə gedən səkkiz nəfər biz idik. Sanki bir Allahın işi idi. Bölüyün önündə olanların, demək olar ki, hamısı şəhid oldu. Biz isə arxaya düşdük və həmin bir anlıq qərarın nəticəsində sağ qaldıq. Halbuki həmin vaxt öz aramızda deyinirdik ki, "Ay da, bu boyda yolu getdik, indi də geri qayıtdıq". O an bunun nə qədər böyük bir şey olduğunu başa düşmürdük. Sonradan fikirləşəndə isə anlayırsan ki, bəlkə də Allah bizi sağ görmək istəyirmiş.
- Müharibədə insanı yalnız fiziki təhlükə yox, mənəvi yük də sınağa çəkir. Ölüm, yaralılar, şəhid dostlar və hər an yenidən döyüşə qayıtmaq... Belə ağır məqamlarda mənəvi olaraq nəyə söykənirdiniz?
- Müharibə vaxtı hansısa qurum əsgərlərə kiçik kitabçalar paylamışdı. İçində dualar filan vardı. Boş vaxtlarımız olurdu. Fasilə vaxtı yuxarıdan baxsaydınız, hamının nəsə dua etdiyini görərdiniz. Hətta bizim Tima var idi, ümumiyyətlə namaz qılan adam deyildi. Özü də rus idi. O da deyirdi: "Ver, mən də oxuyum".
Müharibə zamanı vətən sevgisi və ilahi bir qüvvə insanı sağalda bilər. Yalnız Allahı düşünüb qabağa gedə bilərsən, başqa cür mümkün deyil.
- Bəs müharibənin bitməsi xəbərini necə xatırlayırsınız? İlk xəbəri necə aldınız və həmin an nə hiss etdiniz?
- Noyabrın 6-da biz Qırmızı Bazar istiqamətində mövqelərimizi bərkitmişdik və hücuma hazırlaşırdıq. Ermənilər də Qırmızı Bazar istiqamətinə çox böyük qüvvə gətirmişdilər. Bizim bilmədiyimiz taktiki planlar vardı və artıq xüsusi təyinatlılarımız Şuşaya girməyə başlamışdı.
Noyabrın 8-də rabitədə Şuşanın işğaldan azad olunması xəbərini eşitdik. Bizim üçün bu, çox böyük hadisə idi.
Şuşa alınmışdı, biz isə Qırmızı Bazarda hələ döyüşürdük. Sonra başqa bir taboru ora göndərdilər, bizi arxaya çəkdilər.
Noyabrın 9-dan 10-na keçən gecə saat 3 idi və dərin bir sakitlik çökmüşdü. Ətraf o qədər səssiz idi ki, hər şeyi hiss edə bilirdin. Mən uşaqlardan telefon aldım ki, gedim evə zəng edim. Zəng etdim, anam oyaq idi. Saat 3 idi, anam niyə oyaqdır? Anam telefonu açdı və dedi ki, "Prezident danışır, müharibə bitdi". Dedim: "Necə yəni müharibə bitdi?" Dedi: "Müharibə bitdi, Prezident xalqı təbrik edir".
Sonra şəbəkə itdi, danışa bilmədim. Gəlib uşaqlara dedim ki, anamla danışdım, deyirlər müharibə bitib. Bir yoldaşım da telefonla danışmağa gedib gəldi, dedi ki, evdə deyirlər bayramdır, müharibə bitib. Səhəri gözlədik. Səhər rabitə açıldı. Briqada komandiri rabitədə dedi: "Təbrik edirəm, canavarlar, müharibə bitdi. Öz mövqelərinizdə möhkəmlənin".
Biz onda bildik ki, hə, müharibə bitib. O ana qədər heç hiss etməmişdik.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













