Dövlət Yol Polisinin adından fişinq hücumları ilə bağlı AÇIQLAMA
Far.Az xəbər saytı

Dövlət Yol Polisinin adından fişinq hücumları ilə bağlı AÇIQLAMA


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığını müşahidə edir.

Far.Az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.

Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimə ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.

Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:

Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.

SMS və messencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.

Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.

Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.

Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.

Oxşar xəbərlər

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
MKA: "Azparking" adından fişinq hücumları var
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər