Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur
Far.Az xəbər saytı

Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur


Bu gün Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur.

Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin bu günü, fevralın 4-də Bakıda dünya şöhrətli müğənni, Xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb.

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, "Aşıqlar" vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrdə uğurla çıxış edib.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Bəstəkarın "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında yaratdığı "Eşq və Ölüm" baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Sankt-Peterburqda Mariinsk Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlu həmçinin populyar bəstələrin müəllifidir. Onun "Gəl, ey səhər", "Doğma diyar", "Durnalar", "Bayatılar", "Bakı", "Məni gözlə", "Bənövşələr" və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb, 2005-ci ildə "İstiqlal", 2015-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.

Polad Bülbüloğlu Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülüb.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər