Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət
Far.Az xəbər saytı

Ermənistanın xilas ola bilmədiyi xəstəlik: Riyakarlıq və mənfur xislət


Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh istəyirsə, bunu yalnız beynəlxalq tribunalarda deyil, öz dövlət mediasında, öz siyasi ritorikasında və dövlət institutlarının gündəlik davranışında da nümayiş etdirməlidir.

Ermənistan hakimiyyəti son illər Azərbaycanla sülh prosesinə sadiq olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və iki ölkə arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bəyan edib.

Baş nazir Nikol Paşinyan bu istiqamətdə açıq mesajlar da versə də, onun sözü ilə əməlinin tərs mütənasib olması növbəti dəfə özünü büruzə verib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun "Armenpress"ə verdiyi müsahibə bu ziddiyyəti bir daha üzə çıxarıb. Qrono Azərbaycan ərazisində səfər etdiyi Kəlbəcər və Ağdərə rayonlarını Azərbaycan adları ilə təqdim edir, eyni zamanda Qarabağdakı "erməni mədəni irsi"nin qorunmasının vacibliyindən danışır. Amma həmin müsahibəni yayımlayan Ermənistanın dövlət informasiya agentliyi Azərbaycanın ərazi vahidlərini hələ də separatçı və ya erməni siyasi leksikonunda işlədilən adlarla təqdim etməyə üstünlük verir. Burada isə mövzu artıq sadəcə coğrafi ad məsələsi deyil. Ermənistan hakimiyyətinin sülh prosesindəki əsas problemi də məhz burada görünür. İrəvanın diplomatik masada dedikləri ilə dövlətin siyasi və informasiya davranışı arasında uyğunsuzluq yaranır.

Yəni baş nazir Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiyi halda, ölkəsinin dövlət informasiya resursunda Azərbaycanın ərazisində yerləşən rayonların adları dəyişdirilmiş formada təqdim olunur. Bu ziddiyyət təsadüfi detal kimi qiymətləndirilməməlidir. Çünki dövlətin mövqeyi yalnız baş nazirin çıxışlarında deyil, onun nəzarətində olan və ya dövlətin rəsmi informasiya sisteminin bir hissəsi olan qurumların fəaliyyətində də özünü göstərir. Bu isə o deməkdir ki, Ermənistan hökuməti hələ də sülhə sadiqlik nümayiş etdirmir.

Məhz bu baxımdan Azərbaycan ən ali səviyyədə sülh üçün başlıca şərt kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsini, bu ölkənin əsas sənədindən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını tələb edir. Çünki bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, həmin dövlətin ərazisindəki inzibati vahidləri təhrif edilmiş, separatçı terminologiya ilə adlandırmağa davam edirsə, bu, həmin ərazi üzərində əvvəlki iddiaların tamamilə aradan qalxmadığını göstərən siqnal sayılır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, sülh istəyirsə, onda dövlətin rəsmi informasiya məkanında da bunun adekvat əksi görünməlidir. Əks halda sülh haqqında verilən siyasi bəyanatlarla nümayiş etdirilən davranışlar arasında ciddi boşluq yaranır və Paşinyan hökumətinin riyakarlığını yenidən üzə çıxarır.

Bu mənada məsələni "Armenpress"in redaksiya yanaşması ilə məhdudlaşdırmaq da düzgün olmazdı. Əsas sual Paşinyan hakimiyyətinə ünvanlanır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü həqiqətən qəbul edirsə, niyə onun dövlət informasiya məkanında Azərbaycanın rayonları hələ də başqa adlarla təqdim olunur? Əgər bu, dövlət siyasəti deyilsə, Ermənistan hökuməti niyə buna münasibət bildirmir? Əgər bu, dövlət siyasətidirsə, onda Paşinyanın sülh bəyanatları ilə necə uzlaşdırılır?

Məhz bu suallar Ermənistan hakimiyyətinin sülh prosesinə münasibətini qiymətləndirmək üçün daha ciddi əsas yaradır. Çünki sülh yalnız danışıqlar masasında deyil, dövlətin gündəlik davranışında da görünməlidir. Deməli, Ermənistan hakimiyyəti hələ də "iki auditoriya" siyasətini davam etdirir. Paşinyan beynəlxalq ictimaiyyət qarşısında sülh və normallaşma mesajları verir. Ermənistanın daxili informasiya məkanında isə milli-populist auditoriyanı nəzərə alan ritorikanın davam etdirilməsinə imkan verilir.

Sülh prosesində əsas ölçü Paşinyanın hansı sözü deməsi deyil, Ermənistan dövlətinin həmin sözlərin arxasında hansı siyasəti həyata keçirməsidir. Bu baxımdan "Armenpress"in dili sadəcə jurnalist üslubu məsələsi deyil. Bu dil Ermənistanın hələ də tam şəkildə xilas ola bilmədiyi siyasi yanaşmanın və riyakarlığın göstəricisidir.

Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh istəyirsə, bunu yalnız beynəlxalq tribunalarda deyil, öz dövlət mediasında, öz siyasi ritorikasında və dövlət institutlarının gündəlik davranışında da nümayiş etdirməlidir. Əks halda "sülh" bəyanatı ilə "sülh siyasəti" arasındakı ziddiyyət davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər