Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Far.Az xəbər saytı

Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH


Diplomatların Qarabağ səfərinə aqressiv reaksiya Ermənistana etimad məsələsini yenidən aktuallaşdırıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdaleno Qrono əvvəlcə Azərbaycanda, sonra isə Ermənistana səfər edib. Avropa rəsmisinin səfərləri zamanı Qarabağla bağlı verdiyi açıqlamalar İrəvanda xüsusi diqqət cəlb edib. Məsələ burasındadır ki, Qrono Qarabağa səfəri zamanı ərazidəki bəzi tarixi məkanların mənşəyi ilə bağlı fərqli yanaşmaların və fikir ayrılıqlarının olduğunu bildirib. O, sonradan İrəvanda Matenadaran qədim əlyazmalar institutunda da bildirib ki, Qarabağda ermənilərin keçmiş mövcudluğunu mübahisələndirmir.

Eyni zamanda, Aİ rəsmisinin fikrincə, bu irs yersiz siyasiləşdirmə və manipulyasiyaya yol verilmədən qorunmalı və dəyərləndirilməlidir.

Amma maraqlıdır ki, xarici diplomatların Qarabağa səfəri kimi, Qrononun bu açıqlamaları da erməni mətbuatında aqressiya doğurub. İş o yerə çatıb ki, hətta Ermənistanın "Armenpress" informasiya agentliyi belə, Aİ rəsmisinin açıqlamasından qəzəbini gizlədə bilməyib və onun işlətdiyi Kəlbəcər sözündən sonra mötərizədə uydurma "Karavaçar", Ağdərə rayonunun adından sonra "Mardakert" sözlərini əlavə edib. Bir müddət sonra mötərizədəki qondarma adlar mətndən silinsə də, bununla həqiqəti gözlətmək mümkün olmayıb.

Əvvəla, erməni tərəfinin həm diplomatların Qarabağ səfərinə, həm də M.Qrononun açıqlamalarına reaksiyası onların sülh gündəliyinə nə dərəcədə "sadiq" olduğunu bir daha göstərir.

İkincisi, mövzu yenidən siyasiləşdirilib ki, bu da Aİ xüsusi nümayəndəsinin konstruktiv çağırışına Ermənistanda heç bir əhəmiyyət verilmədiyini nümayiş etdirir.

Bütün bunlar erməni cəmiyyətində kök salmış zəhərli və zərərli ideyaların nə qədər dərinliyə qədər işlədiyini göstərir. Belə vəziyyətin yaranması rəsmi İrəvanın Azərbaycanla sülh gündəmi barədə verdiyi bəyanatlar, dövlət rəsmilərinin az qala sülh göyərçininə çevrilməsi fonunda bir sualı ortaya çıxarır: İrəvan sülh mövzusunda həqiqətənmi səmimidir?

Əgər Ermənistan seçicilərinin dəstəklədiyi Baş nazir Nikol Paşinyan hələ 2022-ci ildə Praqada Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıbsa, üç il sonra Vaşinqtonda bununla bağlı rəsmi bəyanata imza atıbsa, diplomatik korpus nümayəndələrinin Azərbaycanın suveren ərazisinə səfəri Ermənistanda niyə bu qədər qıcıq doğurmalıdır? Media, ekspertlər və siyasi dairələrin bu aqressiyası hökumətin iradəsinə ziddirsə, nə üçün rəsmi səviyyədə məsələyə heç bir münasibət bildirilmir? Əgər İrəvan həqiqətən yeni münasibətlər qurmaq və sülh gündəmini irəli aparmaq niyyətindədirsə, bu yanaşma yalnız rəsmi bəyanatlarda deyil, Azərbaycanın suverenliyinə münasibətdə siyasi və informasiya davranışında da öz əksini tapmalıdır.

Əslində Ermənistanın siyasi diskursunda eyni məsələ ilə bağlı mövqelərin tez-tez dəyişməsi adət halına çevrilib. Məsələn, 2023-cü ilin aprel və may aylarında Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycanın suveren ərazisinə daxil olduğunu bəyan edib. Amma eyni ilin sonlarına doğru Qarabağda ermənilərinin dırnaqarası təhlükəsizlik məsələlərini beynəlxalq gündəmə gətirməyə cəhd edib. Digər bir misalı bu yaxınlara qədər Ermənistan parlamentinin spikeri vəzifəsini tutan (hazırda Təhlükəsizlik Şurasının katibi) Alen Simonyanla bağlı da verə bilərik. 2022-ci ilin martında Almatıda MDB Parlamentlərarası Assambleyasının iclasında Azərbaycana qarşı qərəzli mövqe tutan, həmin ilin oktyabrında "Qarabağ Azərbaycanın tərkibində olmamalıdır" deyən Simonyan 2023-cü ilin iyun ayında Azərbaycanla sülh prosesinin başladığını bildirib, 2024-cü ilin oktyabrında "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir" etirafını edib. Görünür, siyasi mühitdəki bu ziddiyyətli yanaşmalar ölkənin informasiya məkanına da təsir edir və media vasitəsilə cəmiyyətə ötürülür. Qrono məsələsinə verilən reaksiyalar da bunun növbəti nümunəsi kimi ortaya çıxır.

Bütün bu məqamlar isə rəsmi Bakının Ermənistanla münasibətlərdə İrəvana tam etimad etməməkdə haqlı olduğunu göstərir. Burada əsas məsələ siyasi mövqelərin zamanla dəyişə bildiyi şəraitdə əldə olunan razılaşmaların uzunmüddətli və geridönməz təminatlara söykənməsi zərurətindən gedir. Çünki sülhün qurulmasında etimad sadəcə qarşılıqlı bəyanatlar demək deyil. Burada tərəflərin mövqelərinin ardıcıl olması, verilən sözlərin, açıqlamaların, səsləndirilən bəyanatların sonradan başqa cür şərh edilməməsi çox vacibdir. Eyni zamanda əldə edilən razılaşmaların siyasi və geosiyasi dəyişikliklərə qarşı kövrək olmaması da əsas şərtlərdən biridir. Bu baxımdan, Azərbaycanın Ermənistana tam etimad göstərməməsi məhz dayanıqlı sülhün təmin edilməsi üçün ehtiyatlı yanaşma kimi qiymətləndirilməlidir.

Bu baxımdan Ermənistan cəmiyyətinin son günlər sərgilədiyi davranış və Paşinyan hökumətinin seyrçi mövqedən çıxış etməsi, bu ölkənin Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbinin nə qədər haqlı olduğunu göstərir. Doğrudur, bu gün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Lakin bu bəyanatlar heç də həmişə əməllə üst-üstə düşmür və heç kim təminat verə bilməz ki, sabah Ermənistanda hakimiyyətə gəlmiş başqa qüvvə Konstitusiyadakı ərazi iddialarını yenidən sülhə qarşı yönəltməyəcək.

Ermənistan üçün bu dəyişiklik sadəcə daxili məsələ deyil. Ölkənin gələcəyi və regionda var olub-olmama məsələsidir. Azərbaycan üçün isə bu, ilk növbədə milli təhlükəsizlik, ərazi bütövlüyünün təminatı və əldə olunacaq sülhün gələcəkdə yenidən mübahisələndirilməməsi məsələsidir.

Əgər rəsmi İrəvan həqiqətən də qonşularla sülh şəraitində yaşamaq, bölgədə gedən inkişafdan geri qalmamaq istəyirsə, sadəcə sülh bəyanatları ilə kifayətlənməməlidir. Bunu siyasi davranış, informasiya siyasəti və hüquqi çərçivə ilə də təsdiqləmək məcburiyyətindədir.

Kamil Məmmədov

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər